Dünyanın istisnasız olaraq bütün neft hasilatçı və ixracatçısı olan ölkələrini yaxından maraqlandıran ABŞ-Venesuela gərginliyi özünün pik həddinə çatmışdır. Bildiyimiz kimi bu ilin avqustun 7-də ABŞ departamenti Moduranın həbsinə və ya məhvinə kömək edəcək hər hansı informasiyaya görə mükafatı 25 milyon ABŞ dollarından 50 milyon ABŞ dollarına qədər artırmışdır. Qeyd edim ki, Moduranın həbsinə və ya məhvinə kömək edəcək hər hansı informasiyaya görə mükafat 15 milyon ABŞ dolları həcmində ilk dəfə 2020-ci ilin martında təyin edilmişdi. 2025-ci ilin 10 yanvarında isə bu məbləğ 25 milyon ABŞ dollarınadək artırılmışdı. Mükafatların tarixləri bu məsələdə Trump`ın israrlı olmasını əks etdirir. Əslində bu plan tək Trump`ın planı deyil, ABŞ-də digər qüvvələrin də mənafelərinə uyğun gələn plandır. Venesuela, Liviya və İran neftinin ABŞ-nin B varaintı olması haqqında fikrimi əhatə edən yazını 2016-cı ildə yazmışdım. Sonrakı yazılarımda da bu fikri hərdən xatırladırdım. 2000-2014-cü illərdə artan və özünün pik həddinə çatan neft qiymətləri fonunda öz nüfuz dairəsini artırmağa çalışan Rusiyanın Krıma 2014-cü il müdaxiləsindən sonra Rusiyanı neft bazarından tamamilə çıxartmaq planı işə salındı. O zamanlar Rusiyanın gündəlik neft ixracı 7.2 milyon barel idi ki, bu da gündəlik qlobal neft tələbinin 8%-nə yaxın idi. ABŞ hasilatı artırmaqla neft qiymətlərini 2014-cü ilin 30 iyunundan etibarən davamlı olaraq aşağı salmaqla ilk həmləsini etdi. ABŞ qısa müddətdə gündəlik neft hasilatını 10 milyon bareldən 13 milyon barelə qədər artırdı. Rusiyanın gündəlik neft ixracı isə 2 dəfədən çox azaldı. Bu proses indi də davam etdirilir. Lakin, qlobal neft bazarında Rusiyanın payını 0-a endirmək və bazarı tamamilə tutmaq, o cümlədən qiymətləri də minimuma endirərək Rusiyanı və digər neft (o cümlədən İran) hasil edən ölkələri tamamilə kənarda saxlamaq üçün daha çox neftə ehtiyac var. Trump`ın isə öz plan və məqsədləri var. Həm Rusiyanı razılığa gətirmək üçün neft kartından istifadə etmək, həm neft bazarını ələ keçirmək, həm də ucuz neft qiymətləri sayəsində inflyasiyanı aşağı salaraq FES-in faizləri endirməsinə nail olmaqla büdcə kəsirini (ABŞ büdcəsindən hər il 1 trilyon dollar dövlət borclarına xidmətə sərf olunur) azaltmaqla həm də azaltdığı vergilərin büdcəyə mənfi təsirlərini kompensasiya etmək. OPEC+ ölkələri neft qiymətlərini aşağı salmaqda istəkli olmadılar. Ən böyük neft ehtiyatlarına malik olan ölkə kimi Venesuela bütün bu planların həyata keçirilməsi üçün ideal variantdır. Bu addımlar dünya enerji bazarında balansın pozulmasına, neft hasil və ixrac edən ölkələrin iqtisadiyyatları üçün ciddi çağırışların formalaşmasına səbəb ola bilər. Artıq ABŞ-nin ən böyük bankı olan JP Morgan Bank 2027-ci ilin ortalarına neft qiymətlərinin 30 ABŞ dollarına qədər düşəcəyi ilə bağlı proqnozlarını səsləndirib.
ABŞ-nin hazırki enerji siyasətini dərindən təhlil etməyən bir qisim mütəxəssislər bildirirdilər ki, ABŞ-nin özündə neft istehsalçıları, maqnatları var. Onlar bu siyasətə qarşı çıxacaqlar. ABŞ bunu da əlbəttə hesablayıb. Əvvəla, həmin neft hasilatçılarına, korporasiyalara hasilatla bağlı məhdudiyyət tətbiq edən lisenziyalar ləğv olunub, ikincisi onların dünya neft bazarında payları artır, üçüncüsü digər ölkələrdə yeni yataqlarda neft hasilatına cəlb olunacaqlar. Lakin, bunlar əsas amillər deyil. Əsas, həlledici amil həmin neft hasilatçılarına veriləcək subsidiyalar və təşviqlərdir. Yəni, aşağı qiymətlər səbəbindən yaranan itkilər ABŞ hökuməti tərəfindən kompensasiya olunacaq. ABŞ bu qədər kəskin dəyişikliklərə niyə gedir?
1) 1986-cı ildə neft qiymətlərini çökdürməklə SSRİ-nin çöküşü sürətləndi. Eyni senari indi də təkrarlanır. Haşiyə: 1986-cı ildə çökən neft qiymətlərindən sonra 1987-ci ilin payızında ABŞ-də birja çökdü, lakin ABŞ qısa müddətdə özünü toparladı. Bu səbəbdən 2027-2028-ci illərdə birjalarda mümkün çöküş variantları hesablanır, stres testlər həyata keçirilir;
2) Trump nə üçün iqlim dəyişikliyi çağırışlarını qəbul etmir, hətta təkzib edir? Çünki, aydın olur ki, iqlim dəyişikliyi çağırışları fonunda artmaqda olan elektromobillər məsələsində ABŞ Çinə uduzur. Avropa da uduzur. Bu uduzmağın əsas səbəblərindən birincisi elektromobillər üçün, xüsusilə litium batareyalar üçün lazım olan kimyəvi elementlər daha çox Çində olmasıdır. Nadir torpaq elementlərin ehtiyatlarının isə hazırda 95%-ə qədəri Çin ərazisində cəmləşib. Bu isə əlavə olaraq daha ucuz işçi qüvvəsi, dünyada həyat bahalılığının artması və rifahın aşağı düşməsi kimi digər amillər fonunda Çin elektromobillərinin rəqabət aparılmayacaq səviyyədə ucuz olması ilə nəticələnir. ABŞ-ın maşın sənayesi üçün ciddi təhdidlər formalaşır. ABŞ-yə bu təhdidləri minimallaşdırmaq üçün vaxt lazımdır. Çünki, ABŞ və Avropa Çinin elektromobillərinin dünya bazarını bu qədər sürətlə tutacağını hesablamamışdı və hazır deyildi. Tesla hazırda BYD-yə müqayisəolunmaz şəkildə uduzur. Ucuz neft isə ucuz benzin deməkdir. Məhz ucuz benzin atmosfer mühərrikli avtomobillərin elektromobillərə qarşı rəqabət qabiliyyətini artırır. Beləliklə, Çində nadir torpaq elementlərinin konsentrasiyasına qarşı atılacaq ən təsiredici addım neft və qaz sahələrində (ABŞ Avropanın qaz bazarında Qazpromun payını demək olar ki, tam ələ keçirib) konsentrasiyaya nail olmaqla vəziyyəti balanslaşdırmaq, vaxt udmaqdır;
3) Əvvəlcə çap etdiyi kağız pulla (100 dollarlıq əskinasın maya dəyəri buraxılma həcmindən asılı olaraq 10-18 sent arasında dəyişir) xam neftini alıb sonra o pullarla mənim istehsal etdiyim məhsulları almalısan deyir (satdığı silah və avadanlıqlar və sair), bununla da kifayətlənməyib qalan məbləğlərin də bir hissəsini mənim borc kağızlarıma və ölkəmə investisiyalara yatır deyir. Yəni, Trump`ın açıq şəkildə yürütdüyü bu siyasət onun siyasəti deyil, son 80 ildə qurulmuş petrodollar sisteminin özəyi, mahiyyətidir. İndi isə əsas strateji məqsəd enerji hasilatı və ixracını artırmaq, bazarları ələ alaraq Rusiyanı kənarlaşdırmaq, Çini isə neft-qaz sektorundan uzaq saxlamaqdır. Xatırladım ki, Çin Panama kanalı vasitəsilə Meksikada, Mərkəzi və Cənubi Amerikada istehsalını, iqtisadi nüfuzunu genişləndirmişdi. Venesuela neftinin əsas alıcılarından biri idi. Trump əvvəlcə Panama kanalı məsələsini həll etdi, indi isə Venesuela məsələsini həll etmək istəyir;
4) Yeni Dünya Düzəni formalaşır. Enerji siyasətləri dəyişir, dünya eyni vaxtda bir neçə transformasiyadan keçir. Dəyişən enerji bazarı petrodollar sisteminə də təhdid formalaşdırır. Bir araşdırmam göstərir ki, dolların rezerv valyuta kimi mövqeyinin azalmağa başlaması ilə alternativ enerji, elektromobillərin geniş vüsət almağa başlaması üst-üstə düşür. Və hətta, birincinin artma sürəti ilə ikincinin azalma sürəti arasında da uyğunluq, sinxronizasiya var. Səbəb günəş panellərinin, elektromobillərin istehsalı da daxil olmaqla alternativ enerji məsələsində ABŞ-nin geri qalması, rəqabətə uduzmasıdır. Bunu isə süni intellekt və çip bazarında hakim olmaqla kompensasiya etməyə çalışır;
5) ABŞ korporasiyalarının əlində böyük miqdarda kapital yığılıb. Bu kapital üçün investisiya bazarları vacibdir. Yəni, yeni boş bazarlar. Müharibə yolu ilə dağılan Ukrayna var. Lakin, digər bütün ölkələri müharibə ilə dağıtmaq olmaz. Deməli, neft qiymətlərini çökdürməklə bu gün investisiya tələb etdiyi neft ölkələrinə 3-5 il sonra investisiyalar təklif etmək, onların bazarlarında və iqtisadiyyatlarının digər sahələrində hakim və pay sahibi olmaq, bununla da iqtisadiyyatı genişləndirib Çinin nüfuz dairəsini daraltmaq. Haşiyə: Çin 2020-ci ilə qədər investisiya qoyduğu, borclandırdığı ölkələrdə strateji obyektləri girov götürmək, sonra həmin obyektləri ələ keçirməklə ölkələrin inam və etibarlarını itirdi. ABŞ bundan məharətlə istifadə etdi. İndi Çin bu siyasətində xeyli dəyişikliklər etməyə çalışır.
Səbəblər çox olsa da, əsas məsələləri əhatə edən amilləri sadalamaqla kifayətlənirəm. İndi isə bu siyasətin riskli tərəflərinə toxunaq:
– bir tərəfdən investisiyalar tələb etdiyi neft ölkələrinin iqtisadiyyatlarında digər tərəfdən ciddi risk formalaşdıran ABŞ əslində həmin ölkələrin neft fondları, valyuta ehtiyatlarını da əritməklə həmin Yaxın Şərq ölkələrinin iqtisadiyyatlarının digər sahələrində iştirak edib qazanmaq planları (əvvəlcə həmin ölkələrin neft və qazından qazanan ABŞ korporasiyaları indi fərqli sahələrdən qazanmaq planlarına sahib olmalıdırlar. Əks halda kiçilərlər);
– indiyə qədər neft və qazından milyardlar qazanan ABŞ indi həmin neft və qaz ölkələrini birbaşa və dolayı (insanların şüur altına təsir edəcək informasiyalarla) nüfuzdan salmağa çalışır, investisiyalarını isə daha çox qeyri-resurs ölkələrinə (neft-qazı olmayan) yönəldir. ABŞ Trump`ın vasitəsilə yaxşı polis, pis polis oynamaqla çox uğurla və incə bir şəkildə bu siyasəti həyata keçirir;
Risklər çoxdur, lakin uzun olmaması üçün bu iki risk kifayətdir. Bəs neft ölkələri nə edirlər və nə etməlidirlər?
Məsələn, Səudiyyə Ərəbistanı indiyə qədər və yəqin ki, bundan sonrakı azı 10-15 il ərzində toxunulmaz və unikal ölkə olaraq qalacaq. Burada həm ABŞ-nin, həm Britaniyanın, həm İsrailin maraqları var. Həm Respublikaçıların, həm də Demokratların şirkətləri və payları var. Demək olar ki, ikinci belə bir neft ölkəsi yoxdur. BƏƏ başqa bir məsələdir. Bu səbəbdən Səudiyyə Ərəbistanı ciddi dəyişikliklərə ilk başlayan neft ölkəsidir və vəliəhd Salmana qeyd etdiyim qüvvələr tərəfindən yaşıl işıq yandırılıb. Səudiyyə Ərəbistanı da hazırda islahatlar, qeyri-neft sektorunun inkişafı, müsbət imicin formalaşması (radikal islam imicinə qarşı dünya şöhrətli ulduzların konsertləri, futbola xərclərənən milyardlar, turizm, kənd təsərrüfatı, texnologiya, alternativ enerji sahələrinin inkişafı və sair). Digər hər bir ərəb ölkəsi (istər islahat aparan, istərsə də hələ də ciddi problemlər altında gözləmə mövqeyi tutan və sair) ayrıca yazmaq olar, lakin çox uzun və yorucu olmaması üçün birbaşa ölkəmizə keçək.
İlk dəfə 2015-ci ildə neft qiymətlərinin və resurs iqtisadiyyatının sürüşkənliyi və risklərini görən Azərbaycan qeyri-neft sektorunun inkişafını strateji hədəfinə çevirir. Alternativ enerji sahəsində isə Avropanın dəyişməkdə olan enerji təhlükəsizliyi üzrə uzaqgörən (layihələr qısa deyil, orta və uzunmüddətli perspektivlərə hesablanıb) siyasətini hesablayıb formalaşdırmaqla enerji sahəsində öz imicini dəyişən (ənənəvi enerji istehsalçısı, idxalçısı və tranzit ölkəsindən alternativ (yaşıl) enerji istehsalçısı, idxalçısı və tranzit ölkəsinə çevrilmək) ölkəyə çevrilməkdədir. Bu perspektivli siyasət əslində beynəlxalq dairələr tərəfindən də qəbul olunub. Digər tərəfdən isə Orta Dəhlizin mühüm ölkələrindən biri kimi strateji nəqliyyat qovşağına (hub) çevrilir. Sırada Şimal-Cənub Beynəlxalq Dəhlizi də var. Yəni, Yeni Düzəndə Azərbaycan öz rolunu, mövqeyini, imicini artırmağa yönələn siyasət aparır və həm də beynəlxalq layihələrin tərkib hissəsinə çevrilib. Lakin, bu siyasət həm də bir sıra istiqamətlərdə ciddi dəyişikliklər tələb edir. Resurs iqtisadiyyatının formalaşdırdığı yanlış mentalitet, düşüncə tərzinin dəyişməsi, bu dəyişikliyə qarşı olan qüvvələrin müqaviməti, xarici ölkələrə simpatiya bəsləyən, həmin ölkələrin təsir dairələrində olan qüvvələrin atdığı addımlar, enerji və xarici siyasətdə qazanılan uğurlar fonunda və ya müqayisədə qeyri-neft sektorunun geri qalması (yəni, iqtisadiyyatın digər sahələrinin enerji (ənənəvi və alternativ enerji sahələri) sektoru və xarici siyasətdəki uğurları tamamlaması) ölkənin imkan və perspektivlərini daha da möhkəmləndirər. Bir də zamanla yarışmaq, dünyada baş verən dəyişikliklərin sürətini nəzərə almaq, siyasətlərin fraqmental, populist və ya mən də bir söz deyim naminə verilən təkliflər deyil, hərtərəfli hazırlanmış Strateji Plan, Proqram və Yol Xəritələri ilə aparılması Azərbaycanın Yeni Düzəndə də əhəmiyyəti və sözünün çəkisi yüksək olan ölkə statusunda qalmasına birbaşa dəstək olacaq! Nəzərə alaq ki, Yeni Düzən formalaşarkən ciddi boşluqlar da yaranır. Hansı ölkə bu boşluqlardan sürətlə, vaxtında və səmərəli istifadə edərsə, həmin ölkə də Yeni Düzəndə özünə daha möhkəm yer tutur!
Müəllif: Elman Sadıqov, iqtisadçı-ekspert







