Neft qiymətləri 1.5%-dən çox artaraq ardıcıl üçüncü gündür yüksəlişi davam etdirib. Buna əsas səbəb ABŞ-ın Yaxın Şərqin əsas neft istehsalçılarından biri olan İrana qarşı hərbi zərbə endirə biləcəyi ilə bağlı artan narahatlıqlardır. Belə bir ssenari regiondan tədarükün pozulması riskini yüksəldir.
Banker.az xəbər verir ki, Brent markalı xam neftin fyuçersləri London birjasında 0.99 dollar və ya 1.5% bahalaşaraq 69.39 dollar/barel səviyyəsinə çatıb. ABŞ-ın WTI markalı nefti isə 1.06 dollar və ya 1.7% artaraq 64.27 dollar/barel olub. Hər iki marka bazar ertəsindən bəri təxminən 5% yüksələrək 29 sentyabrdan bu yana ən yüksək səviyyəni görüb.
Qiymət artımı ABŞ prezidenti Donald Trampın İranın nüvə proqramı ilə bağlı təzyiqləri gücləndirməsi, hərbi zərbə hədələri və ABŞ hərbi-dəniz qüvvələrinin regiona daxil olması fonunda baş verir. OPEK üzvləri arasında İran gündəlik 3.2 mln. barel hasilatla dördüncü ən böyük istehsalçıdır.
“Reuters”in ABŞ mənbələrinə istinadən yaydığı məlumata görə, Tramp administrasiyası İranın təhlükəsizlik strukturlarına və rəhbərliyinə qarşı hücum variantlarını nəzərdən keçirir. Analitiklərin fikrincə, ABŞ–İran gərginliyi neft bazarında “geosiyasi risk mükafatı”nı gücləndirir.
“Phillip Nova” şirkətinin analitiki Priyanka Saçdevanın bununla bağlı şərh yazıb və bildirib ki, FED-in faizləri sabit saxlamasına və dollar indeksinin mötədil möhkəmlənməsinə baxmayaraq, neft qiymətləri davamlı qalıb. Buna ABŞ-da hava şəraiti ilə bağlı hasilat itkiləri və xam neft ehtiyatlarında gözlənilməz azalma da dəstək verib.
ABŞ-da xam neft ehtiyatları 2.3 mln. barel azalaraq 423.8 mln. barelə düşüb. “Citi” bankının analitikləri isə geosiyasi eskalasiyanın Brent qiymətlərini 72 dollar/barelədək yüksəldə biləcəyini qeyd edirlər.







