ABŞ daha əvvəl İran nefti ilə əməliyyatlara icazə verən lisenziyanı ləğv edib. İyulun 7-dən etibarən yeni müqavilələrin bağlanması qadağandır. ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) sənədinə əsasən, əvvəllər bağlanmış müqavilələr isə iyulun 17-dək tamamlanmalıdır.
Lisenziya iyunun 22-də verilmişdi və İran nefti, neft məhsulları və neft-kimya məhsullarının istehsalı, satışı, daşınması və boşaldılması ilə bağlı əməliyyatları əhatə edirdi. Sənədin ilkin olaraq avqustun 21-dək qüvvədə qalması nəzərdə tutulurdu.
İran neftinin ixracına icazə ABŞ və İran arasında münaqişənin nizamlanmasına dair memorandumun bəndlərindən biri idi. İyulun 7-də Hörmüz boğazında Qətər və Səudiyyə Ərəbistanına məxsus iki tankerə hücum edilib. Hər iki ölkə hücuma görə məsuliyyəti İranın üzərinə qoyub. ABŞ rəsmisi AFP-yə bildirib ki, “İranın boğazdakı hərəkətləri ABŞ üçün tamamilə qəbuledilməzdir və bunun nəticələri olacaq.”







