ABŞ maliyyə institutlarını xəbərdar edib ki, İran nefti alan Çin özəl neft emalı zavodlarına dəstək göstərən banklara ikinci dərəcəli sanksiyalar tətbiq oluna bilər. Bu addım İrana təzyiqi artırmağa yönəlib və liderlərin planlaşdırılan görüşünə bir neçə həftə qalmış Çində narazılıq yarada bilər.
Vaşinqton İran neftinin tədarükünü məhdudlaşdırmaq üçün tədbirləri gücləndirir, çünki bu satışlar Tehran üçün mühüm gəlir mənbəyidir. Ötən həftə ABŞ Maliyyə Nazirliyinin OFAC qurumu Çinin ən böyük özəl neft emalı zavodlarından biri olan “Hengli Petrochemical (Dalian) Refinery Co.”ya qarşı sanksiyalar tətbiq edib.
Çərşənbə axşamı ABŞ Maliyyə Nazirliyi xəbərdarlığı gücləndirərək bildirib ki, İranla ticarətdə iştirak edən bütün banklar da sanksiyalarla üzləşə bilər.
Bundan əlavə, hesabatda banklara risklərin idarə edilməsi mexanizmlərinin tətbiqi, xüsusilə Şandun əyalətində yerləşən neft emalı müəssisələri ilə işləyərkən daha ciddi yoxlamaların aparılması və müxbir bankların sanksiya tələbləri barədə məlumatlandırılması tövsiyə olunur.
Çin birtərəfli sanksiyaları tanımasa da, dövlət şirkətləri adətən sanksiyaya məruz qalan neftlə əməliyyatlardan yayınır. Böyük Çin bankları ABŞ-nin İran, Şimali Koreya və Honkonq ayrı-ayrı şəxslərə qarşı tətbiq etdiyi sanksiyalara riayət etmək təcrübəsinə malikdirlər ki, ABŞ dolları ilə hesablaşma sisteminə çıxışlarını qoruyub saxlasınlar.
2022-ci ilin fevralında Çinin Sənaye və Ticarət Bankı və Çin Bankı Rusiya xammalının maliyyələşdirilməsinə məhdudiyyətlər tətbiq etmişdi, baxmayaraq ki, həmin vaxt sanksiyalar enerji sektorunu əhatə etmirdi. 2023-cü ilin sonunda ABŞ-nin xarici maliyyə institutlarına qarşı tətbiq etdiyi ikinci dərəcəli sanksiyalardan sonra bəzi Çin kredit təşkilatları da rusiyalı müştərilər üçün şərtləri sərtləşdirib.
Bu yüklər çox vaxt “kölgə tankerləri” ilə daşınır və marşrut zamanı tez-tez bir gəmidən digərinə ötürülür. Bu, neftin mənşəyini gizlətmək (çox vaxt Malayziya mənşəli kimi göstərilir) və İran gəmilərinin yeni yüklər üçün geri qayıtmasına imkan vermək məqsədi daşıyır. Son illərdə OFAC liman əməliyyatları, gəmiçilik və maliyyələşmə ilə məşğul olan bir sıra Çin şirkətlərinə də sanksiyalar tətbiq edib, lakin onlar adətən “Hengli” qədər böyük olmayıb.
Çin emal gücünün üçdə birinə qədərini idarə edən bu özəl şirkətlərə təzyiqin artması, gələn ay gözlənilən ABŞ–Çin sammiti ərəfəsində əlavə gərginlik yarada bilər.
Lin Jian bazar ertəsi bildirib ki, ABŞ “qəsdən sanksiyalar tətbiq etməyi və geniş yurisdiksiyadan istifadə etməyi dayandırmalıdır”. O əlavə edib ki, Pekin Çin şirkətlərinin hüquqlarını qoruyacaq.
ABŞ Maliyyə Nazirliyi həmçinin İranın kölgə bank şəbəkələri ilə əlaqəli 35 təşkilat və fiziki şəxsə qarşı sanksiyalar elan edib.






