ABŞ pilotsuz uçuş aparatlarının hazırlanmasına görə İranın dörd şirkəti və bir fiziki şəxsə qarşı sanksiyalar tətbiq etməkdə Avropa Birliyinə qoşulub. Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Millerin departamentin saytında dərc olunmuş bəyanatında deyilir.
Bəyanata görə, hələ 2017-ci ilin iyulunda Amerikanın sanksiyalar siyahısına daxil edilmiş “Rayan Roshd Afzar” şirkəti ilə əlaqəli dörd qurum ABŞ məhdudiyyətlərinə məruz qalıb. Sanksiyalar həmçinin beş pilotsuz təyyarə istehsalçısını idarə edən İran Aviasiya Sənayesi Təşkilatının (İran Müdafiə Nazirliyinin nəzarətindədir) rəhbərinə də tətbiq edilib. Metyu Millerin bəyanatında qeyd edilir ki, söhbət Avropa İttifaqı və ABŞ tərəfindən “İranın Yaxın Şərqdə sabitliyi pozan davranışına və terrorizmə dəstək verdiyinə görə sanksiyalar tətbiq etmək üçün yeni güclərdən” ilk dəfə istifadə etməsindən gedir.
Aİ və ABŞ-nin məlumatına görə, İran tərəfindən istehsal edilən pilotsuz təyyarələr sonradan Rusiyaya, eləcə də İranın Yaxın Şərqdəki müttəfiqlərinə verilir. 2023-cü ilin dekabrında Aİ İranın beş pilotsuz təyyarə şirkətinə qarşı sanksiya tətbiq edib. Bu, Ukrayna silahlı qüvvələrinin Rusiya ordusunun İran istehsalı olan “Şahed” dronlarından istifadə etməsi barədə məlumat verməsindən sonra baş verib. İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian Ukraynada istifadə üçün Rusiyaya pilotsuz təyyarələrin verilməsini təkzib edib. 2024-cü ilin aprelində ABŞ Rusiya və İrana qarşı ixrac nəzarətini gücləndirib.