ABŞ İrana qarşı sanksiyalar siyahısını genişləndirib. Siyahıya 9 tanker, 14 şirkət və 3 fiziki şəxs daxil edilib. Bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi məlumat verib.
Sanksiyalara məruz qalan gəmilərdən 6-sı Panama bayrağı altında, 2-si Kamerun, 1-i isə Mozambik bayrağı altında üzür. Siyahıya əlavə edilən fiziki şəxslərdən ikisi Hindistan vətəndaşıdır. Bir nəfər isə İran vətəndaşıdır və o, ABŞ-nin “Hizbullah”a qarşı maliyyə sanksiyaları qaydalarına uyğun olaraq sanksiyalara daxil edilib. Şirkətlər BƏƏ, Hindistan və Marşal adalarında qeydiyyatdan keçib.
ABŞ və İran arasında danışıqların ilk raundu 11 aprel tarixində İslamabad şəhərində keçirilib. Tərəflər İranın nüvə proqramı və Hörmüz boğazında gəmiçilik məsələləri üzrə razılığa gələ bilməyiblər. ABŞ prezidenti Donald Tramp yaxın günlərdə yeni danışıqlar raundunun mümkünlüyünü istisna etməyib. Pakistanın “Geo TV” kanalının məlumatına görə, növbəti təmaslar həftənin sonunda yenidən İslamabadda baş tuta bilər.





