ABŞ Qətərdə saxlanılan İran İslam Respublikasına məxsus 6 milyard dollar vəsaitə Tehranın çıxışını təmin edəcək. Bu vəsaitdən Amerika mallarının alınması üçün istifadə oluna bilər. Qərar ABŞ və İran arasında Qətərdə keçirilən dolayı danışıqların nəticəsi olaraq qəbul edilib. Bu barədə yüksək vəzifəli iranlı mənbəyə istinadən IRNA agentliyi məlumat yayıb.
“Ölkəmizin bəyan edilmiş ehtiyaclarına uyğun olaraq zəruri malların alınaraq İrana təqdim edilməsi barədə qərar qəbul edilib”, – deyə IRNA-nın həmsöhbəti bildirib.
Dolayı danışıqlar iyulun 1-də Dohada Qətər və Pakistanın vasitəçiliyi ilə keçirilib. İran tərəfini İranın xarici işlər nazirinin müavini Kazem Qaribabadi, ABŞ tərəfini isə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Amerika prezidentinin kürəkəni Cared Kuşner təmsil edib. Bu barədə “Reuters” məlumat yayıb. Agentliyin məlumatına görə, görüşdə, həmçinin Hörmüz boğazından gəmilərin hərəkəti məsələsi də müzakirə olunub.






