ABŞ Dövlət Departamenti İranın Yəməndəki səfiri Həsən İrluya sanksiya tətbiq edib.
Məlumatı “Mehr” agentliyi yayıb.
ABŞ Dövlət Departamentinin tətbiq etdiyi sanksiya siyahısında İranın Əl-Mustafa Beynəlxalq Universitetinin də adı var. Bu təhsil müəssisəsi İran İnqilab Keşikçiləri Qvardiyası ilə əməkdaşlıq etdiyi üçün bu siyahıya daxil edilib.
Əl-Mustafa Beynəlxalq Universitetinin mərkəzi İranın Qum şəhərində yerləşir. Onun Tehran, Məşhəd, Gorqan, İsfahan və Təbriz şəhərlərində, habelə dünyanın 60-dan artıq ölkəsində nümayəndəlikləri var. Bu universitet İslam dini təmayüllüdür. Orada fiqh, fiqh metodologiyası, dinlər və məzhəblər, İslam tarixi, İslam fəlsəfəsi, hüquq, iqtisadiyyat, siyasi elmlər, idarəetmə, psixologiya və başqa sahələr üzrə mütəxəssislər yetişdirilir.
Əl-Mustafa Beynəlxalq Universiteti 1979-cu ildən rəsmi fəaliyyət göstərir. Əsas hədəfi xaricdən gələn tələbələri təşkilatlandırıb təhsil verməkdir. Bu məqsədlə uzun illər ərzində 108 dövlətdən 40 000-dən çox tələbə universitetin məzunu olub.