Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatına əsasən, Norveçin Roqaland inzibati ərazi vahidində, İngiltərənin Qərbi Midland regionunda, Uelsin Anqlesey adasında, ABŞ-ın Nevada və Florida ştatlarında, Belçikanın Flandriya əyalətində, İtaliyanın isə Emiliya-Romanya və Lombardiya regionlarında yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Bununla əlaqədar, qeyd olunan ərazilərdən Azərbaycana diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına və ölkə ərazisindən tranzit daşınmasına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Banker.az bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Agentlikdən verilən məlumata əsasən, müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.