ABŞ Dövlət katibi Marko Rubio və İraqın Baş naziri Məhəmməd əl-Sudani İraq və Türkiyə arasında neft kəmərinin yenidən işə salınmasının zəruriliyini müzakirə ediblər.
Bu barədə ABŞ Dövlət departamentinin bəyanatında deyilir.
“Tərəflər Bağdadın enerji müstəqilliyinə nail olunmasının, Kərkük-Ceyhan boru kəmərinin tezliklə yenidən işə salınmasının və İraqda fəaliyyət göstərən Amerika şirkətlərinin müqavilə şərtlərinə əməl edilməsinin vacibliyinə dair razılığa gəliblər”, – deyə bəyanatda bildirilir.
Bir müddət öncə Bağdad İraq Kürdüstanında çıxarılan neftin Kərkük-Ceyhan neft kəməri ilə Türkiyəyə ixracını bərpa etməyə hazır olduğunu bəyan edib.
Xatırladaq ki, Kərkük-Ceyhan boru kəməri ilə neftin nəqli 2023-cü ilin martında beynəlxalq məhkəmədə Bağdadın Ankaraya qarşı iddianı qazanmasından sonra dayandırılıb. Buna Türkiyənin dövlət neft-qaz şirkəti BOTAŞ-ın Bağdadın rəsmi icazəsini və razılığını almadan İraq Kürdüstanından dünya bazarına neft çıxarması səbəb olub.