ABŞ Dövlət Departamentinin nümayəndələri Kamboca və Tailand arasında Malayziyada keçiriləcək atəşkəsə dair yüksək səviyyəli danışıqlarda iştirak edəcək.
Bu barədə ABŞ dövlət katibi Marko Rubio bəyanat yayıb.
O bildirib ki, Dövlət Departamentinin rəsmiləri bölgədə sülhün bərqərar olunması istiqamətində səylərə dəstək vermək məqsədilə Malayziyada danışıqlarda iştirak edəcəklər.
“Həm Prezident Tramp, həm də mən hər iki ölkədəki həmkarlarımızla daimi əlaqə saxlayırıq və vəziyyəti çox diqqətlə izləyirik. Biz bu münaqişənin tez bir zamanda sona çatmasını istəyirik”, – deyə Rubio əlavə edib.
Qeyd edək ki, bölgədəki gərginlik son vaxtlar artıb və beynəlxalq ictimaiyyət atəşkəsin əldə olunması üçün diplomatik səyləri gücləndirib.