ABŞ Kanada ilə ticarət sahəsində əməkdaşlığa dair bütün müzakirələri dayandırır.
Bu barədə ABŞ prezidenti Donald Tramp “Truth Social”dakı hesabında yazıb.
O həmçinin, ölkəsinin Kanadaya yeni idxal rüsumları tətbiq edəcəyini də bəyan edib.
ABŞ-nin dövlət başçısı vurğulayıb ki, ABŞ ilə ticarət sahəsində çətinliklər yaşayan və ABŞ-dən idxal olunan süd məhsullarına 400 faizlik rüsum tətbiq edən Kanada bu dəfə ABŞ-yə məxsus şirkətlərin göstərdiyi rəqəmsal xidmətlərə də analoji qaydanın müəyyənləşdirilməsi barədə qərar qəbul edib.
Ağ Ev rəhbəri bu addımı ölkəsinə açıq hücum kimi dəyərləndirib və Kanadanı Avropa İttifaqının yolu ilə getməkdə ittiham edib.
Yuxarıda göstərilən səbəblərdən rəsmi Ottava ilə bütün müzakirələrin dayandırıldığını elan edən Tramp Kanada tərəfini 7 gün ərzində rüsumların məbləği barədə məlumatlandıracağını açıqlayıb.