Azərbaycanda fəaliyyətdə olan ABŞ kapitallı “KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC 2022-ci ildə nəhayət xalis mənfəətə keçdiyini açıqladı.
Banker.az xəbər BOKT-nin müstəqil “Baltic Caspian Audit” MMC tərəfindən aparılan audit hesabatına istinadla xəbər verir ki, kredit təşkilatı 2022-ci ili 284 min manat üzərində xalis mənfəətlə tamamlamış olub. Ötən ili kredit təşkilatı 1 milyon 439 min manat zərərlə bitirmişdi.
“KredAqro” BOKT-nin xalis mənfəətə çıxmasında əsas rolu gözlənilən kredit zərərləri üzrə 729 min manatlıq bərbasıdır.
Belə ki, 2022-ci ildə onun faiz fəlirləri illik müqayisədə 6 faiz azalaraq 1 milyon 109 min manat təşkil edərkən, faiz xərcləri 69 faiz azalaraq 77 min manat üzərində olub. Bununla belə BOKT qeyri-faiz xərlcərini də optimallaşdırması onun illik mənfəətinə dəstək olub.
BOKT hesabat ilindəki xalis mənfəətindən sonra bölüşdürülməmiş mənfəət 2 milyon 865 min manata yüksəlmiş olub.
BORCLAR CƏLB EDİB, KREDİTLƏR VERİB
ABŞ kapitallı BOKT 2022-ci ildə əlaqəli tərəflərdən 510 min, borc qiymətli kağızlar buraxmaqla 961 min manat üzərində borc cəlb edib. Cəmi öhdəliklərinin həcmi isə 2 mln. 995 min manatdan 3 mln. 910 min manata yüksəlib.
Bu borclardan sonra müştərilərə verilmiş kreditlərin həcmi 2022-ci ildə 23 faiz artaraq 5 mln. 316 min manata yüksəlib. BOKT-nin əlində hazırda 1 milyon 187 min manatlıq satışa qədər saxlanılan aktivlər mövcuddur. Beləliklə, cəmi aktivləri son bir ildə 7 mln. 622 min manatdan 8 mln. 821 min manata yüksəlib.
Xatırladaq ki, “KredAqro”, 2000-ci ildə ABŞ –ın Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycanda Kənd Təsərrüfatının Kreditləşdirilməsi Layihəsi çərçivəsində Azərbaycanın doqquz regionunda sahibkarlara maliyyə xidmətlərinin göstərilməsi üçün yaradılmışdır. “KredAqro”, bu layihə çərçivəsində, ABŞ –dan texniki yardım və 3 milyon dəyərində kredit kapitalı almışdır. 2008 –ci ildə ABŞ –ın Beynəlxalq İnkişaf Agentliyi KredAqro-nun təsisçisi olan ACDI/VOCA –ya KredAqro-nun tam mülkiyyət hüququnu vermişdir.