“Microsoft” korporasiyası kibertəhlükəsizliyi yaxşılaşdırmaq üçün federal yardım alan əsas şirkətlərdən biri olacaq.
Banker.az bu barədə “Secetmag”a istinadən xəbər verir.
Bildirildiyi kimi, ABŞ ümumilikdə şirkətə 150 milyon dollar subsidiya ayıracaq. Bəzi qanunvericilər bu qərarla razılaşmayıblar.
Belə ki, “Microsoft” kibertəhlükəsizlik üçün ayrılan bütün federal fondların dörddə birini ala bilər, bu barədə İnfrastruktur Təhlükəsizliyi Agentliyinin (CISA) mənbələrinə və xərclər planına istinadən bildirilir.
Ümumilikdə, “təhlükəsiz bulud platforması” üçün 650 milyon dollar ayrılacaq. Vəsaitlər Konqres tərəfindən təsdiqlənən və ABŞ prezidenti Co Bayden tərəfindən imzalanan 1.9 trilyon dollarlıq iqtisadi dəstək paketinə daxildir.
Qeyd edək ki, hökumət şirkətin köməyə ehtiyacını dünyanın bir çox ölkəsindəki kompüter şəbəkələrinə toxunan və əsasən “Microsoft” məhsullarını hədəf alan iki genişmiqyaslı hakker hücumu ilə izah edir. 2021-ci ilin mart ayında “Exchange” xidmətində zəiflik səbəbindən ən az 60 min şirkət zərər çəkib. 2020-ci ildə isə hakkerlər “Orion” proqramı vasitəsi ilə ABŞ dövlət departamentlərinə hücum ediblər.
“Hakkerlərin istifadə etdikləri qüsurları aradan qaldırmağın tək yolu “Microsoft”a daha çox pul verməkdir, hökumət bu şirkətdən olan asılılığını yenidən nəzərdən keçirməlidir. O, təhlükəli proqramını satan bir şirkəti daha böyük dövlət müqavilələri ilə mükafatlandırmamalıdır”, – deyə Oreqona ştatının senator-demokrat Ron Uayden söyləyib.
Bildirilir ki, təhlükəsizlik sahəsindəki təkliflər 2020-ci ildə “Microsoft”a 10 milyard dollar qazandırıb – 2019-cu illə müqayisədə 40% çox. Bu sahədə əsas xidmətlərdən biri aktivlik jurnalının izlənməsidir. O, trafiki izləmə və hakkerləri müəyyən etməyə imkan verir. Bu xidmət standart olaraq təqdim edilmir və yalnız əlavə ödəniş etdikdən sonra aktivləşir.