ABŞ Konqresinin Nümayəndələr Palatasının Respublikaçılar Partiyası İsrailə 14.3 milyard dollar yardım ayıran qanun layihəsini təqdim edib. Yeni layihə Ağ Evin İsrail və Ukraynaya hərbi yardımı birləşdirmək gözləntilərinə ziddir, “The Hill” yazır.
Hərbi yardımın maliyyələşdirilməsinin Demokratlar Partiyasının himayəsi ilə qəbul edilmiş “inflyasiyanın azaldılması üçün” qanunun ixtisarından əldə ediləcəyi gözlənilir. Buraya vergilərin tənzimlənməsi, səhiyyə və iqlimlə bağlı məsələlər daxildir.
Maliyyə yardımı paketi, eyni zamanda, Ağ Evin Ukrayna və İsrailə yardımı bir qanunvericilikdə birləşdirmək ideyasına ziddir. Qəzet yazır ki, bu, qanunun qəbulunu çətinləşdirə bilər. Nümayəndələr Palatasının komitəsi çərşənbə günü yeni qanun layihəsinə baxacaq.
Bundan əvvəl ABŞ prezident administrasiyası Konqresdən milli təhlükəsizlik üçün 106 milyard dollar məbləğində əlavə maliyyə ayırmağı xahiş edib. Bu məbləğin 61.3 milyard dollarının Ukraynaya, 14.3 milyard dollarının isə İsrailə tədarük üçün ayrılması təklif edilir. Bununla belə, respublikaçılar yardım paketlərinə ayrıca baxılmalı olduğuna inanırlar. Ağ Evin mətbuat katibi Karin Jan-Pyer respublikaçıları məsələni siyasiləşdirməkdə ittiham edib.