8 C
Baku
Sunday, November 17, 2024

ABŞ Konqresinin üzvü Azərbaycanla bağlı bəyanatla çıxış edib

ABŞ Konqresinin Nümayəndələr Palatasının demokrat üzvü, Azərbaycan üzrə İşçi Qrupun həmsədri, Tennesi ştatını təmsil edən Stiv Kohen Azərbaycanın Müstəqillik Günü münasibətilə bəyanatla çıxış edib.

Banker.az xəbər verir ki, Konqres üzvü bəyanatında Azərbaycanın 1918-ci ildə müsəlman aləmində ilk demokratik, dünyəvi parlamentli respublika qurduğunu və onun Prezident Vudro Vilson Administrasiyası tərəfindən tanındığını qeyd edib. Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə süqut etməsinə rəğmən qadınlara səsvermə hüququ verən ilk müsəlman dövləti olduğunu bildirib.

Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etdiyini bildirən Konqres üzvü bəyanatında Azərbaycanın qlobal enerji təhlükəsizliyinin gücləndirilməsində aparıcı rol oynadığını, İsrailin neft istehlakının 40 faizinin Azərbaycan tərəfindən təmin edildiyini deyib. O, Azərbaycan ilə İsrail arasında sıx dostluq əlaqələrinin mövcud olduğunu diqqətə çatdırıb. Azərbaycanın uzun illərdir yəhudi, xristian icmalarının da məskəni olduğunu bildirən Konqres üzvü ölkədəki dini dözümlülüyün Avropa Parlamenti tərəfindən də təqdir edildiyini vurğulanıb.

Azərbaycanın Ukraynaya humanitar yardım göstərdiyi və buna görə Prezident Vladimir Zelenskinin Azərbaycan Respublikasının Prezidentinə təşəkkür ifadə etdiyi bildirilib.

Daha sonra bəyanatda Azərbaycanın NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramının fəal üzvü kimi beynəlxalq təhlükəsizlik, terrorçuluqla mübarizə, nüvə silahlarının yayılmaması kimi sahələrdə ABŞ-ın əsas tərəfdaşı olduğu qeyd olunub. Azərbaycanın Əfqanıstanı ən sonuncu tərk edən NATO-nun tərəfdaş ölkəsi olduğu bildirilib və hərbçilərimizin Kabul hava limanı vasitəsilə mülki şəxslərin təxliyəsində sona qədər iştirak etdiyi vurğulanıb.

Sonda Konqres üzvü Azərbaycan üzrə İşçi qrupun həmsədri olaraq ölkəmizin müstəqillik, təhlükəsizlik, insan hüquqları və demokratik dəyərlərin gücləndirilməsi istiqamətindəki səylərində Azərbaycan xalqı ilə birgə olduğunu vurğulayaraq ABŞ və Azərbaycan arasındakı tərəfdaşlığın davam etməsi və daha da güclənməsi ilə bağlı xoş arzularını ifadə edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər