ABŞ konqresmenləri “Apple”, “Google”, “Amazon” və “Facebook” kimi texnologiya nəhənglərini hissələrə bölmək təklifini irəli sürüblər.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Belə ki, 16 aylıq istintaq nəticəsində onların hamısının səlahiyyətlərindən sui-istifadə etdikləri üzə çıxıb.
Hökumət onları “struktur olaraq” bölməyi təklif edib. Bu barədə Konqresin aşağı palatasının hüquq komitəsinin saytında yayımlanan press-relizdə deyilir. Bildirildiyi kimi, 16 aylıq istintaq prosesindən sonra bu məsələ ilə bağlı 400 səhifəlik məruzə hazırlanmışdı. Onun müəllifləri İT nəhənglərinin hər birinin iqtisadiyyat üzərində “əhəmiyyətli gücə sahib olduğu” və “bu gücdən antimonopoliya məqsədləri üçün istifadə etdiyi” qənaətinə gəliblər. Konqresmenlərin sözlərinə görə, bu tədqiqat rəqabəti bərpa etmək üçün tədbirlərin görülməsi zəruriliyi barədə “şübhə yaratmır”.
Məsələn, “Facebook” reklam sahəsində monopoliyadan istifadə edir, bu barədə məruzəyə istinadən CNBC məlumat verib. Altkomitə həmçinin şirkətin sürətlə böyüyən “Instagram”ı almasına diqqət yetirib. Bu, “Facebook”un rəqabətə qarşı mübarizə aparması sualını gündəmə gətirib.
İT nəhənglərindən biri olan “Amazon”, satıcılar və təchizatçılar üzərində hakimlik edir. Qeyd edildiyi kimi, şirkətin ABŞ bazarındakı payı “çox güman ki, olduğundan az göstərilib” və əslində 40% deyil, təxminən 50% təşkil edir. “Apple”ın monopoliyası tətbiqlərin yayılması, “Google”unki isə onlayn-axtarış və reklam sahəsini əhatə edir.
Əlavə olaraq bildirək ki, konqresmenlərin irəli sürdükləri təklifi aşağıdakılardan ibarətdir:
1. “Struktur bölünmə” aparmaq, platformaları onlardan asılı olan bizneslə məşğul olmaq imkanından məhrum etmək.
2. Platformalardan xidmətlərini “rəqiblərin şəbəkələri ilə uyğunlaşdırmağa” tələb etmək.
3. Platformaları rəqiblərə qarşı hər hansısa bir addım atmazdan əvvəl “lazımi prosedurları” aparmağa məcbur etmək.
4. Rəqabət səviyyəsini azaldan strateji əldəetmələr üçün ümumi standart müəyyən etmək.