ABŞ və onun tərəfdaşları COVID-19-un mənşəyini tapmaq üçün Çinə “təzyiq” edəcəyini vəd edib.
Banker.az xəbər verir ki, Ağ Evin mətbuat xidmətinin sözçüsü Pekini bu məsələdə şəffaf olmağa çağırıb.
“Koronavirusun mənşəyinin müəyyən edilməsi təkcə ABŞ-ın deyil, bütün dünyanın əsas prioritetləri arasında qalır. ABŞ hökuməti, kəşfiyyatı və elmi ictimaiyyəti COVID-19-un mənşəyini, eləcə də bu pandemiyanın necə yarandığını öyrənməyə davam edir”, – mesajda bildirilir.
ABŞ administrasiyasının nümayəndəsinin qeyd etdiyi kimi, Vaşinqton bu məsələdə həqiqətin üzə çıxmasını çox vacib hesab edir.
“Lakin bu, Çindən əlavə səylər tələb edir. Buna görə də biz və tərəfdaşlarımız Çini ilk gündən pandemiyanın mənşəyinin əsas aspektləri ilə bağlı şəffaf olmağa çağırırıq”.
Ötən həftə ABŞ koronavirusun mənşəyi ilə bağlı yeni hesabat dərc edib. Orada göstərilən məlumata görə, iki aparıcı nəzəriyyə irəli sürülüb. ABŞ kəşfiyyatı onların hər birinin doğru çıxa biləcəyinə inanır.