ABŞ məhkəməsinin prezident Donald Trampın əksər tariflərini qüvvəyə minmədən bloklaması səbəbindən neftin qiyməti bahalaşıb. Eyni zamanda, bazar Rusiyanın xam neft ixracına qarşı tətbiq oluna biləcək yeni sanksiyaları və OPEC+ qrupunun iyul ayında hasilatın artırılması ilə bağlı verəcəyi qərarı izləyərkən bu baş verib.
Banker.az xəbər verir ki, Brent markalı neftin avqust fyuçersləri 78 sent və ya 1,2% bahalaşaraq bir barel üçün 65,68 dollara yüksəldi. ABŞ-ın WTI markalı nefti isə 78 sent və ya 1,3% artaraq bir barel üçün 62,62 dollar oldu.
Dünən ABŞ Ticarət Məhkəməsi Trampın ölkənin ticarət tərəfdaşlarından idxala qarşı ümumi tariflər tətbiq etməklə səlahiyyətlərini aşdığı qərara alınıb. Məhkəmə avtomobil, polad və alüminium sənayesinə tətbiq olunmuş spesifik tarifləri isə ayrıca qanunvericiliyə əsaslandığı üçün nəzərdən keçirməyib.
Qərar, tariflərin iqtisadi artıma təsiri ilə bağlı qlobal narahatlıqlar fonunda risk iştahını artırıb. Lakin analitiklər xəbərdarlıq edirlər ki, bu rahatlıq müvəqqəti ola bilər, çünki Tramp administrasiyası qərardan apellyasiya şikayəti verəcəyini açıqlayıb.
HASİLATLA BAĞLI
Rus xam neftinə qarşı yeni sanksiyalar ehtimalı bazarda təchizatla bağlı narahatlıqları artırır. Digər tərəfdən, OPEC+ qrupu şənbə günü keçiriləcək görüşdə iyul ayında hasilatın artırılmasını daha da sürətləndirmək qərarına gələ bilər.
Analtiklət hesa edir ki, OPEC+ gündəlik 411 min barel həcmində daha bir iri hasilat artımı barədə razılığa gələcək. Bu templə artımların üçüncü rübün sonuna qədər davam edəcəyini gözləyirik. Qrup bazar payını qorumağa daha çox diqqət yetirəcək.
Təchizatla bağlı digər risklər arasında, ABŞ-ın mart ayında ləğv etdiyi əsas lisenziya səbəbindən “Chevron” şirkətinin Venesuelada neft hasilatı və digər fəaliyyətlərini dayandırması var.
Aprel ayında Venesuela, ABŞ sanksiyaları ilə bağlı ödənişlərlə əlaqədar qeyri-müəyyənliyi əsas gətirərək, “Chevron” üçün nəzərdə tutulmuş yükləmələri ləğv etmişdi. Lisenziya ləğv olunmazdan əvvəl “Chevron” Venesueladan gündəlik 290 min barel neft ixrac edirdi ki, bu da ölkənin ümumi ixracatının üçdə birindən çoxdur.
Cümə axşamı investorlar Amerika Neft İnstitutu (API) və ABŞ Energetika Nazirliyinin Statistika İdarəsinin həftəlik ehtiyat hesabatlarını da izləyəcək.
API-yə yaxın bazar mənbələrinə görə, ötən həftə ABŞ-da xam neft və benzin ehtiyatları azalıb, distillat ehtiyatları isə artıb.
Bu arada, Kanadanın Alberta əyalətində baş vermiş meşə yanğını bir sıra neft və qaz hasilatı sahələrinin müvəqqəti bağlanmasına səbəb olub və təklifi azalda bilər. Kiçik bir şəhərin sakinləri təxliyə edilib.