ABŞ federal məhkəməsi Qiymətli Kağızlar və Birjalar Komissiyası (SEC) ilə İlon Mask arasında əldə olunmuş barışıq sazişini təsdiqləyib. Reuters yazır ki, 2025-ci ilin yanvarında qaldırılan iddia üzrə saziş 2026-cı ilin mayında bağlanıb. Bununla belə, hakim razılaşmanın araşdırılması zamanı aşkar etdiyi “narahatedici siqnallar”la bağlı narahatlığını ifadə edib.
SEC iddiasında Maskı Twitter-də (indiki X) payını artırarkən bu barədə məlumatı qanunla müəyyən edilmiş müddətdə açıqlamamaqda ittiham edirdi.
2022-ci ilin martına olan məlumata görə, Maskın şirkətdəki payı 9%-ə çatmışdı. Qanunvericiliyə əsasən, o, bu barədə məlumatı 10 gün ərzində açıqlamalı idi. Lakin hesabat yalnız 11-ci gün təqdim olunub. Bundan sonra Twitter-in səhmləri 27% bahalaşıb.
Barışıq sazişinə əsasən, İlon Maska məxsus trast fondu günahını etiraf etmədən 1,5 milyon dollar məbləğində cərimə ödəyəcək.
Eyni zamanda, sahibkara SEC-in hesablamalarına görə vaxtında açıqlanmayan məlumatlar sayəsində “qənaət etdiyi” iddia olunan 150 milyon dolları geri qaytarmaq tələbi irəli sürülməyəcək.
SEC Maskın Twitter-dəki payı ilə bağlı araşdırmaya 2022-ci ildə, milyarderin sosial şəbəkəni 44 milyard dollara satın almasından sonra başlayıb.
2023-cü ilin oktyabrında komissiya onu ifadə verməyə məcbur etmək üçün məhkəməyə müraciət edib. Mask isə daha əvvəl 2022-ci ilin iyulunda iki dəfə ifadə verdiyini bildirərək bundan imtina etmişdi.
2024-cü ilin fevralında məhkəmə Maskı tənzimləyici orqan qarşısında izahat verməyə çağırmışdı.







