ABŞ hökuməti ilk dəfə olaraq Meksikada fəaliyyət göstərən üç bankı narkotik kartellərinə maliyyə dəstəyi göstərdiyi üçün sanksiyalar siyahısına daxil edib.
Bu barədə ABŞ Maliyyə Nazirliyi rəsmi məlumat yayıb.
Sanksiya tətbiq edilən maliyyə institutları – “CIBanco”, “Intercam Banco” və “Vector Casa de Bolsa” – “Sinaloa”, “Jalisco New Generation” və “Golfo” kartelləri üçün çirkli pulların yuyulmasında və Çindən gətirilən sintetik narkotiklərin istehsalında istifadə olunan maddələrin maliyyələşdirilməsində ittiham olunur.
Maliyyə Departamentinin direktoru Skot Bessentin sözlərinə görə, bu banklar fentanil tədarük zəncirinin əsas halqaları kimi çıxış edir və transmilli cinayətkar şəbəkələrin maliyyə infrastrukturunu təmin edirlər.
Nazirlik qeyd edib ki, beynəlxalq narkotik ticarətinə qarşı mübarizə Meksika hakimiyyəti ilə sıx əməkdaşlıq çərçivəsində aparılır.
Xatırladaq ki, daha əvvəl – mayın 5-də Bloomberg ABŞ Ədliyyə Departamentinin mütəşəkkil cinayətkarlıq və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparan idarələrarası işçi qrupunun ləğvini planlaşdırdığı barədə məlumat yaymışdı.