ABŞ-da 18 nəfər milyarderin imzası ilə varlılardan daha çox vergi tutulmasının zəruri olduğu barədə bir məktub yayımlanıb. 2020-ci ildə keçiriləcək prezident seçkiləri üçün namizədliyini irəli sürənlərə müraciətlə yazılmış məktubda ölkənin 10 faizini təşkil edən varlılardan “sərvət vergisi” tutmaq təklif edilir.
Xarici KİV-lərə istinadən, yeni verginin orta və ya aşağı gəlirli deyil, maliyyə baxımından ən imkanlı təbəqədən tutulmasının zəruri olduğu vurğulanır.
ABŞ-da 2020-ci ildə keçiriləcək prezident seçkilərinə namizədliyini irəli sürən bir sıra siyasətçilərin “sərvət vergisi” ideyasını dəstəklədiyi bildirilən məktubda namizədlər arasından demokrat senator Elizabet Varrenin təklifi əsas götürülüb. Təklifdə 50 milyon dollardan artıq sərvəti olanların bu miqdardan artıq məbləğin 2 faizini vergi kimi ödəmələri irəli sürülür. Məsələn, 70 milyon sərvəti olan şəxs, təklifə əsasən, 20 milyon dolların 2 faizi qədər, yəni 400 min dollar vergi ödəməlidir. 1 milyard dollardan artıq sərvəti olanlardan isə 3 faiz dərəcəsi ilə vergi tutulmalıdır. Məktubda bildirilib ki, yeni verginin tətbiq olunacağı təqdirdə büdcəyə 10 ildə 3 trilyon dollar əlavə vəsait daxil olacaq.
Azərtac