Banker.az xəbər verir ki, Britaniyanın Ernst & Young konsaltinq şirkətinin araşdırmasına görə, 2017-ci ilin ilk yarısında 10 amerikalı nəhəng bankın gəliri 19, Aİ banklarının gəliri isə 5% artıb.
Araşdırmaya əsasən, 2017-ci ilin ilk yarısının nəticələrinə görə, ABŞ-ın 10 nəhəng maliyyə-kredit institutu ümumilikdə 57,5 milyard avro əldə edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 19% çoxdur.
Eyni zamanda, Avropanın 10 nəhəng bankının müvafiq göstəriciləri 5% artıb və 24,2 milyard avro təşkil edib. ABŞ-da ilk pillədə 11,8 milyard avro əldə edən JPMorgan Chase qərarlaşıb. Avropada isə reytinqə HSBC (6,6 milyard avro) başçılıq edir. Onun ardınca fransalı BNP Paribas (4,3 milyard avro) gəlir. Avropalı reytinqdə Almaniyanı təmsil edən yeganə bank Deutsche Bank 1 milyard avrodan bir qədər çox göstərici ilə 9-cu pillədə yer alıb.
2007-2008-ci illərin maliyyə böhranından sonra ABŞ-da bank sahəsi dövlət yardımı hesabına sürətlə dirçəldi. Bundan əlavə, hazırda avropalı banklar aşağı səviyyəli faiz dərəcələrinə görə kredit əməliyyatlarından gəlir əldə etmirlər. Bu nöqteyi-nəzərdən ABŞ bankları yüksək səviyyəli faiz dərəcələri baxımından daha sərfəli vəziyyətdədirlər.