21 C
Baku
Wednesday, October 8, 2025

ABŞ-nin ən varlı 1% vətəndaşlarının sərvəti rekord $52 trilyona çatıb

ABŞ-nin ən varlı 1% vətəndaşlarının sərvəti son bir ildə 7% və ya 4 trilyon dollar artaraq ikinci rübün sonuna rekord həddə – 52 trilyon dollara yüksəlib. Bu barədə ABŞ Federal Ehtiyat Sistemi (FES) hesabatında bildirilib.

İyun ayının sonunda ABŞ-nin ən varlı 10% təbəqəsinə məxsus aktivlərin həcmi 113 trilyon dollara çatıb ki, bu da tarix boyu qeydə alınan ən yüksək göstəricidir. Ən varlı 1% amerikalıya ölkə üzrə bütün ailə aktivlərinin 29%-i məxsusdur. Bu göstərici son 25 ildə cüzi dəyişib — 2000-ci ildə pay 28% olub.

Sərvəti 2 milyon dollardan artıq olan amerikalılar — yəni əhalinin ən varlı 10%-i — ölkə aktivlərinin 67%-nə sahibdirlər. FES-in araşdırmasına görə, son bir ildə ABŞ-nin bütün əhali qruplarında rifah səviyyəsinin artımı müşahidə olunub. Belə ki, ən kasıb 50% amerikalının sərvəti iyunun sonuna qədər olan 12 ay ərzində 6% artıb.

Ən varlı təbəqədə rifahın əsas artım amili fond bazarının yüksəlişi olub. Ən varlı 10%-ə məxsus səhmlərin və investisiya fondlarındakı payların ümumi dəyəri bir il ərzində 39 trilyon dollardan 44 trilyon dollardan çoxa çatıb. Bu təbəqə bazarda dövriyyədə olan belə aktivlərin 87%-nə sahibdir.

CNBC-nin “Altrata” tədqiqatına istinadən yazdığına görə, 30 milyon dollardan çox sərvətə malik amerikalıların sayı ilin ilk yarısında 6,5% artaraq 208 min nəfərə çatıb. Qeyd edək ki, ABŞ-də dünyadakı bütün “supervarlı” insanların 41%-i yaşayır.

Son xəbərlər
Digər xəbərlər