“The Wall Street Journal” yazır ki, varlı amerikalılar investisiyaları və şəxsi maliyyə işlərini idarə etmək üçün getdikcə daha çox ailə ofisləri yaradırlar.
“Deloitte”in məlumatına görə, bu cür ofislərin idarə etdiyi aktivlərin həcmi 5,5 trilyon dollara çatıb ki, bu da beş il əvvəlki göstəricidən 67% çoxdur. 2025-ci ilin sonuna qədər bu rəqəmin 6,9 trilyon dollara, 2030-cu ilə qədər isə 9 trilyon dollardan çox olacağı gözlənilir. Yaxın illərdə ailə ofisləri idarə olunan aktivlərin həcminə görə hedc-fondları geridə qoya bilər.
Hazırda dünyada 8 mindən çox ailə ofisi fəaliyyət göstərir — bu, 2019-cu illə müqayisədə təxminən 30% çoxdur. 2030-cu ilə qədər onların sayının 10 mini keçəcəyi proqnozlaşdırılır.
WSJ qeyd edir ki, ailə ofisləri artıq sadəcə sərvət idarəçiliyi ilə kifayətlənmir: onlar iri institusional investorlarla rəqabət aparır, şirkətlərin birləşmələrində iştirak edir və uzunmüddətli, riskli investisiyalar edə bilirlər. Ailə ofislərinin əsas üstünlüyü isə ondan ibarətdir ki, onlar demək olar ki, heç kimə hesabat vermədən sərbəst qərarlar qəbul edə bilirlər.








