ABŞ-nin 12 ştatı “Warner Bros.” və “Paramount”un birləşməsinə qarşı çıxıb

ABŞ-nin Kaliforniya ştatının baş prokuroru Rob Bonta bildirib ki, 12 ştatın prokurorları “Paramount Skydance Corporation” (Paramount) və “Warner Bros. Discovery, Inc.” (Warner Bros.) şirkətlərinin birləşməsinə qarşı məhkəmə iddiası qaldırıblar.

İddia Kaliforniyanın Şimal Dairəsi üzrə Federal Məhkəməsinə Arizona, Kaliforniya, Kolorado, Konnektikut, Massaçusets, Minnesota, Nevada, Nyu-Cersi, Nyu-Meksiko, Nyu-York, Oreqon və Vaşinqton ştatları adından təqdim edilib.

İddiada bildirilir ki, təklif olunan birləşmə “Paramount” və “Warner Bros.” arasındakı rəqabəti aradan qaldıracaq, kinoteatrlara, kabel yayımçılarına və nəticə etibarilə bütün ölkə üzrə tamaşaçılara ciddi zərər vuracaq. Sənədə əsasən, sövdələşmə baş tutacağı təqdirdə birləşmiş şirkət ABŞ-də kinoprokat bazarının və kabel televiziyası sektorunun təxminən üçdə birinə nəzarət edəcək.

İddiaçılar “Warner Bros.” və “Paramount”dan məhkəmə prosesi başa çatana qədər sövdələşməni tamamlamamağı xahiş ediblər. Şirkətlər buna razılaşmasa, prokurorlar məhkəmədən sövdələşmənin müvəqqəti dayandırılması barədə qərar çıxarmağı tələb edəcəklər.

“Bu gün mən Warner Bros. və Paramount-un təklif olunan birləşməsinə qarşı çıxan ştatlar koalisiyasına rəhbərlik edirəm və məhkəmədən bu sövdələşmənin qarşısının alınmasını xahiş edirik. Bu qanunsuz birləşmə qiymətlərin artmasına, keyfiyyətin aşağı düşməsinə və kino və televiziya məzmununun həcminin azalmasına səbəb olacaq”, – deyə Kaliforniyanın baş prokuroru Rob Bonta bildirib.

Təxminən 110 milyard dollar dəyərində qiymətləndirilən birləşmə planı daha əvvəl də ABŞ-də tənqid olunmuşdu. Apreldə kino və televiziya sənayesinin mindən çox nümayəndəsi, o cümlədən aktyorlar Xoakin Feniks, Emma Tompson və Ceyn Fonda açıq məktubla sövdələşməyə qarşı çıxmışdılar. Onların fikrincə, birləşmə iş yerlərinin ixtisarına və film istehsalı xərclərinin artmasına gətirib çıxaracaq.

İyulun 9-da məlum olub ki, “Paramount” sövdələşmənin bağlanmasını 16 iyuldan 22 iyula təxirə salıb. Qərar Oreqon ştatının prokurorluğunun birləşmə ilə bağlı sənədlərin yoxlanılması tələbi ilə əlaqədar qəbul edilib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər