“Möhtəşəm yeddilik” adlandırılan ABŞ-nin aparıcı texnologiya şirkətlərinin – “Nvidia“, “Meta Platforms”, “Apple”, “Microsoft”, “Alphabet”, “Amazon” və “Tesla”nın ümumi bazar dəyəri iyun ayında 2,3 trilyon dollardan çox azalıb. Bu barədə “Financial Times” məlumat yayıb.
Nəşrin qeyd etdiyinə görə, bu, investorların yüz milyardlarla dolları süni intellekt infrastrukturuna yatıran şirkətlərdən uzaqlaşaraq, həmin xərclərdən birbaşa gəlir əldə edən çip və digər avadanlıq istehsalçılarına yönəlməsinin nəticəsidir.
“Möhtəşəm yeddilik” şirkətlərinin göstəriciləri zəiflədiyi halda, “PHLX Semiconductor Sector Index” ilin əvvəlindən bəri 93% yüksələrək 1999-cu ildən bu yana ən yaxşı nəticəni nümayiş etdirib.
Fiziki komponentlər istehsal edən şirkətlərin – “Micron Technology”, “Intel Corporation” və “Western Digital” – səhmləri üç dəfə bahalaşıb. “Sandisk Corporation” isə ən azı 2028-ci ilə qədər davam edəcəyi gözlənilən yaddaş çatışmazlığı fonunda 760%-dən çox dəyər qazanıb.
Tayvanın TSMC şirkətinin bazar dəyəri 2 trilyon dolları keçib, Niderlandın “ASML Holding” şirkətinin səhmləri isə 60% bahalaşıb.
Fond menecerləri etiraf edirlər ki, onlar texnologiya nəhənglərinin əksər səhmlərindən uzaq dururlar, əvəzində soyutma sistemləri, kabellər və digər avadanlıqlar istehsal edən şirkətlərə fəal şəkildə investisiya yatırırlar. Onların gəlirləri süni intellekt yarışının yaratdığı tələbat hesabına kəskin şəkildə artıb.






