ABŞ-nin dövlət borcu 31,27 trilyon dollara çataraq ÜDM-i üstələyib

ABŞ-nin dövlət borcu İkinci Dünya müharibəsindən sonra ilk dəfə ölkə iqtisadiyyatının həcmini üstələyib. Bu barədə ABŞ İqtisadi Təhlil Bürosunun məlumatlarına istinadən “Fox Business” yazır.

Rəsmi göstəricilərə görə, 31 mart tarixinə dövlət borcu 31,27 trilyon dollar təşkil edib, halbuki 12 aylıq dövr üzrə ÜDM 31,22 trilyon dollar səviyyəsində qiymətləndirilir.

Son məlumatlara əsasən, ABŞ hökuməti borcun ÜDM-ə nisbətində 1946-cı ildə qeydə alınmış 106%-lik tarixi rekord göstəriciyə sürətlə yaxınlaşır.

2026-cı ilin əvvəlində Konqresin Büdcə İdarəsi 10 illik büdcə və iqtisadi proqnoz dərc edib. Proqnoza görə, 2030-cu ilə qədər ABŞ bu rekordu keçərək borcun ÜDM-ə nisbətini 108%-ə çatdıracaq. Eyni zamanda, növbəti 10 ildə bu göstəricinin 120%-ə yüksələcəyi gözlənilir.

Büdcə vəziyyətini ağırlaşdıran əsas amillərdən biri dövlət borcunun ÜDM-dən daha sürətli artmasıdır ki, bu da ölkənin fiskal və iqtisadi perspektivlərinə mənfi təsir göstərə bilər.

Aprel ayında ABŞ-nin keçmiş maliyyə naziri və Federal Ehtiyat Sisteminin sabiq rəhbəri Janet Yellen bildirib ki, prezident Donald Trampın dövlət borcunun xidmət xərclərini azaltmaq üçün faiz dərəcələrinin aşağı salınması ilə bağlı siyasəti “banan respublikası ritorikası”na bənzəyir.

Qeyd edək ki, mart ayında ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 39 trilyon dolları keçmişdi. “Fox Business” yazır ki, son on ildə bu artım əhalinin qocalması və sosial təminat ilə səhiyyə xərclərinin yüksəlməsi ilə bağlı olub.

Son xəbərlər
Digər xəbərlər