ABŞ-nin maliyyə nazirliyi funksiyasında olan Xəzinədarlıq Departamenti ötən gün Azərbaycanda qeydiyyatda olan şirkəti və onun rəhbərini sanksiya siyahısına əlavə edib.
Banker.az xəbər verir ki, sanksiyanın tətbiq edildiyi şirkət “Lahic Energy” MMC-dir. Şirkət 2019-cu ildə Bakı şəhəri Yasamal rayonu, Qızıl Şərq Hərbi Şəhər-də qeydiyyatda olduğu bildirilir. Şirkət 100 manat nizamnamə kapitalına sahibdir.
Qeyd edilir ki, “Lahic Energy” bundan öncə Rusiyada fəaliyyət göstərib və ABŞ-nin sanksiya siyahısında adı olub.
Şirkətin rəhbəri 1983 təvəllüdlü Azərbaycan vətəndaşı Əliyev Cahangir Yevqenyeviçdir. Sanksiya siyahısında həmçinin onun adı da var. Xəzinədarlıq C.Əliyevi Rusiya ordusu ilə sıx əlaqələri olan Rusiyanın son istifadəçiləri adından sifarişlər verən vasitəçilər şəbəkəsini koordinasiya edən satınalma agenti kimi tanıyır. C.Əliyev sanksiya siyahısında olan 1959-cu il təvəllüdlü Yevgeni Əliyevin oğludur.
Şirkətin rəsmi internet səhifəsi ötən günə qədər fəaliyyətdə olsa da, bu gündən sayta girişdə müxtəlif texniki problemlər yaranıb.