ABŞ-nin strateji neft ehtiyatları 1983-cü ildən bəri minimum səviyyəyə enib

ABŞ-nin strateji neft ehtiyatları iyunun 26-na olan vəziyyətə görə 5,536 milyon barel azalaraq 325,655 milyon barelə düşüb. Bu, 1983-cü ildən bəri qeydə alınan ən aşağı göstəricidir. Bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiyası Administrasiyasının (EIA) həftəlik hesabatında bildirilir.

Bundan daha aşağı səviyyə sonuncu dəfə 1983-cü il mayın 20-də qeydə alınıb. Həmin vaxt strateji ehtiyatların həcmi 324,116 milyon barel təşkil edirdi. ABŞ-nin strateji neft ehtiyatları 2021-ci ilin sentyabrından etibarən azalmağa başlayıb və iki ildən az müddətdə (2023-cü ilin avqustunadək) ehtiyatlardan təxminən 275 milyon barel və ya ümumi həcmin təxminən 45%-i çıxarılıb. Bundan sonra ehtiyatların bərpasına başlanılıb.

Ümumilikdə, son iki il yarım ərzində strateji ehtiyatlara 70 milyon bareldən az neft geri qaytarılıb. Hazırkı göstərici 2021-ci ilin sentyabrında qeydə alınmış 620 milyon barel səviyyəsindən təxminən iki dəfə aşağıdır.

ABŞ-nin kommersiya neft ehtiyatları da iyunun 26-da başa çatan həftənin sonunda 408,4 milyon barelə enərək 2018-ci ilin sentyabrından bəri ən aşağı səviyyəyə düşüb. ABŞ Energetika Nazirliyi bildirib ki, hazırkı ehtiyatların həcmi ilin bu dövrü üçün son beş ilin orta göstəricisindən 7% aşağıdır.

İyunun 15-də CNN telekanalı da ABŞ-nin strateji neft ehtiyatlarının 1983-cü ildən bəri minimum səviyyəyə endiyini bildirmişdi. İyunun 8-dən 14-dək olan həftə ərzində ABŞ hakimiyyəti əlavə 8,9 milyon barel neft buraxıb və nəticədə ümumi ehtiyatların həcmi 340,3 milyon barelə düşüb. Bu göstərici 2023-cü ilin iyulunda qeydə alınmış əvvəlki minimum səviyyədən də aşağı olub.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər