Çərşənbə günü ABŞ-nin Venesuela sahillərində iki neft tankerini ələ keçirməsindən sonra kubalılar iqtisadi böhranın daha da dərinləşməsinə hazırlaşırlar. Bu addım kommunistlərin idarə etdiyi ada dövləti üçün ən mühüm enerji kanallarından birinin bağlanması təhlükəsi yaradır.
“Reuters” agentliyinin məlumatına görə, neft tankerlərinin yan aldığı Matansas limanında bağlı yanacaqdoldurma məntəqələri və yanacaq üçün uzun növbələr tədarükdə artan çatışmazlığın göstəricisidir. ABŞ-nin son addımları onsuz da tez-tez baş verən, saatlarla davam edən elektrik enerjisi kəsintilərinin daha da ağırlaşacağı ilə bağlı narahatlıqları gücləndirir.
Matansas sakinlərinin sözlərinə görə, vəziyyət daha da pisləşəcək, çünki artıq neft tədarükünə icazə verilmir. “Əvvəllər neft Venesueladan və Rusiyadan gətirilirdi, indi isə yalnız Rusiyadan gəlir. Bu da bir mənbənin itirilməsi deməkdir. Ona görə də ölkədə vəziyyət bir qədər də pisləşəcək”, – deyə sakinlər bildirirlər.
Agentlik yazır ki, Kuba üçün Venesuela neftinin tədarükünün itirilməsi fəlakət deməkdir. Gəmiçilik məlumatlarına və Venesuelanın PDVSA dövlət neft şirkəti sənədlərinə əsasən, ötən ilin yanvar–noyabr ayları ərzində Venesuela adaya sutkada orta hesabla 27 min barel neft tədarük edib ki, bu da Kubada mövcud neft çatışmazlığının təxminən 50 faizini ödəyib.
Meksika “əhəmiyyətli tədarükçü”yə çevrilsə də, Prezident Klaudiya Şeynbaum çərşənbə günü bəyan edib ki, Meksika Kubaya əvvəlki dövrlərlə müqayisədə çox neft tədarük etmir.






