Bu suala cavab digər sualın cavabını tapmaqdan doğur. Bir dövlətin çöküşü necə başlayır? Əvvəlcə iqtisadiyyatda zəifləmələr, geriləmələr baş verir. Bu tam hiss olunmaz. Sonra texniki resesiya olur. Yəni 2 rüb ard-arda iqtisadiyyatda daralma, kiçilmə. Burada da doğru tədbirlər, reseptlər olmasa daralma öz-özünü daha da sürətləndirir, gəlir gətirən sahələrin də gəlirlərini yeyir, onların müsbət təsirlərini minimallaşdırır. Getdikcə sürətlənən daralma davamlı ola bilmədiyi üçün nəticədə böhran baş verir. Bunun da qarşısı alınmasa iqtisadi çöküş. İlk mərhələlərin aralarındakı müddət, məsafə uzun olur və hər növbəti mərhələdə məsafə, yəni müddət daralır, azalır. Yəni, iqtisadi böhrandan çıxmaq üçün lazımi tədbirlər görülmədikdə isə onunla iqtisadi çöküş arasındakı məsafə 1-2 il çəkər. Bunun da qarşısı alınmasa dövlət çökər, parçalanar, dağılar. İqtisadi çöküşlə dövlətin çökməsi arasındakı məsafə isə aylarla ölçülər. (Arayış: ən son böyük imperiyalardan olan Sovet İttifaqının çöküşünün tarixi daxil olmaqla böhranların və dövlətlərin çöküşlərinin tarixlərini bilən iqtisadçılar bunları yaxşı bilir).
İran hazırda iqtisadi çöküş mərhələsinin sonlarını yaşayır. Uzun illər sanksiyalar (blokada deyil) altında olsa da, kənd təsərrüfatının (neft-qaz çıxaran bir çox ərəb ölkələrindən fərqli olaraq) və əsas strateji məhsullar üzrə özünü təmin etmək həddinə çatmış istehsal-emal sənayesinin qismən (tam deyil) inkişafı səbəbindən İranın iqtisadiyyatı tab gətirirdi. Lakin, iqtisadiyyatın ayaq üstə qalmasının əsas səbəbi bu deyildi. Əsas səbəb İranın çıxardığı nefti sanksiyalardan müxtəlif yollarla (tam olmasa da, qismən) yayınaraq Çinə, qismən də Hindistana sata bilməsi idi. Kənd təsərrüfatı, sənaye-emal sahələri iş adamlarının, əhalinin rifahına töhfə verir, sosial sabitliyin nisbətən təminatı rolunu oynayırdı. Lakin neft-qaz gəlirləri birbaşa hökumətin, o cümlədən SEPAHın saxlanmasına, kvazi güclərin maliyyələşməsinə sərf olunurdu. Son 1 aydır ABŞ blokadası İranı neft satışından məhrum edib. İranda hazırda bütün tankerlər doludur, neft anbarları isə tam dolmaq üzrədir. İran neft anbarlarının dolmasını nəzərə alaraq neft istehsalını azaltmağı qərara aldı. (Bu gedişat sizə nəyisə xatırlatdı? Bəli, 2020-ci ilin mart ayında pandemiya nəticəsində təlabatın azalması ilə tankerlərin, anbarların neftlə dolması və WTI markalı neftin mənfi 37 dollara satılması. Nəzəri olaraq bunu öncədən deyən adama yəqin ki, normal insan kimi baxmazdılar). Neft istehsalı tədricən sadəcə daxili təlabata uyğunlaşacaq. Amma.. bu amilə diqqət yetirək. İranda nefti saxlamağa yer tapmırlar, xam neft çox ucuzdur, lakin neft məhsullarının, benzin, dizel və sair qiymətləri kəskin artır və artmaqda davam edəcək. Çünki, neftayırma zavodlarının gücü müharibədən öncəki gücdə deyil. Çünki, iqtisadiyyat, sənaye çökür. Ümumi nəticə nədir? İranda hətta SEPAH daxil olmaqla bir sıra qurumların maliyyələşməsi, maaşların verilməsində çətinliklər, gecikmələr yaranmağa başlayıb. İranda hökumət daxilində narazılıq artır. Hətta İran Prezidenti xarici işlər naziri Araqçını ona deyil, SEPAHa məruzə etmək, SEPAHla birbaşa addımlar atmaqda günahlandırıb. Baxmayaraq ki, Trump`ın İran daxilində fikir birliyi yoxdur mesajına cavab olaraq 10-15 gün öncə İran daxilində heç bir fikir ayrılığı yoxdur demişdi.
İran hazırda staqflyasiya yaşayır. Yəni, həm iqtisadi durğunluq, həm də inflyasiya eyni vaxtda… həm alıcılıq qabiliyyətinin sürətlə aşağı düşməsi, həm qiymətlərin sürətlə artması..
İqtisadçılar, beyin mərkəzləri gözəl bilirlər ki, yuxarıda qeyd etdiyim hər bir mərhələdə hökumətin atmalı olduğu doğru addımlar və düzgün tətbiq olunan reseptlər olur. Hər bir hökumət vəziyyətin sondan ikinci mərhələyə, yəni iqtisadi çöküşə gəlib çatmasına imkan verməməyə çalışır. Çünki, bu baş verdikdə ya hökumət istefa verməli, ya da radikal dəyişikliklərə, seçkilərə getməli olur. İranda hazırda bu variantların heç biri böyük ehtimalla hələlik olmayacaq. SEPAH hələlik heç bir varianta getmək istəmir. ABŞ də, İsrail də, onların beyin mərkəzləri də gözəl bilirlər ki, iqtisadi çöküşdən sonrakı mərhələ dövlətin özünün çöküşüdür. Ya çevriliş, ya üsyan, ya da dövlətin ayrı-ayrı vilayətlərində mərkəzdənqaçma meylləri ilə başlayan parçalanma.
ABŞ embarqo variantına niyə baş vurdu? Səbəblər çoxdur. Əvvəla 60 günlük məhdud hərbi əməliyyatlar limiti (öncəki yazılarımda toxunmuşdum), müharibə şiddətləndikcə İranda psixoloji müqavimətin artması, yaranan şəraitdən istifadə edən İranın öz neftini daha baha və daha çox ixrac edə bilməsi, İrana bir neçə böyük dövlətin (silah yardımı daxil) yardım etməsi və sair. Hazırki variant isə İran üçün çöküşün başlanğıcıdır. Hörmüz Boğazını bağlayan İran ABŞ-nin embarqo addımı atacağını və bu məsələdə qərarlı və davamlı olacağını düşünməmişdi. Bu ciddi strateji səhv idi.
Hansı senarilər baş verə bilər?
– ABŞ-nin hər hansı gəmisinin vurulması nəticəsində daha ağır və amansız bombardmanla rejimin (SEPAH) çökdürülməsi. Bu isə İranın parçalanma ehtimalını da istisna etmir. Məsələn, İraqın parçalanması məsələsi gündəmdə olduqda buna Körfəz Dövlətləri, Türkiyə qarşı çıxmışdı. İran isə Hörmüz Boğazını bağlamaqla qlobal iqtisadiyyat üçün təhlükəli dövlət imici formalaşdırdı;
– İqtisadi çöküşün İranın parçalanması ilə nəticələnməsini gözləmək (Körfəz dövlətləri də konkret olaraq bütöv İranın region üçün həmişə təhlükəli olacağı fikrində demək olar ki, həmrəydirlər);
– İran mövcud şəraiti qiymətləndirərək vaxt qazanmaq, dövlətin gələcəyini qorumaq üçün güzəştlər edərək danışıqlara gedəcək. Lakin, burada bir az şübhə var ki, hətta İran bundan sonra ABŞ-nin bütün şərtlərini qəbul etsə də, ABŞ İranla razılaşıb blokadanı saxlayacaq. Bu məsələdə ABŞ-ni yalnız qlobal iqtisadiyyatda baş verə biləcək kataklizmlər sövq edə bilər.
İran dedikdə son vaxtlar gözümün önünə daha çox Cənubi Azərbaycan, Təbriz, Traktor Futbol Komandası və onların Azərbaycan sevgisi ilə dolu təzahüratları gözümün önünə gəlir. Nə olsa da, günahsız xalqın bircə nümayəndəsinin belə qanı axmasın. Bundan sonrakı mərhələdə əsas dualarımız, arzumuz bu ola bilər..
Nəhayət sonda. Deyirlər ki, petrodollar sistemi petroyuan sistemi ilə əvəz olunacaq. Diqqət edin. Bunu kimi deyirsə əmin olun ki, o adam hazırki petrodollar sisteminin, qlobal maliyyə sisteminin mahiyyətini nəinki anlamır, hətta bununla bağlı təsəvvürü yoxdur. Bu o zaman baş verə bilər ki, petrodollar sistemi tamamilə çöksün.. Bu halda isə Çin qarışıq bütün dünya bu çöküşün altında qalar. Ən azı yaxın illər ərzində.. 30, 50, 100 il sonrası başqa məsələdir…
Müəllif: Elman Sadıqov, iqtisadçı-ekspert







