ABŞ Energetika Nazirliyi ölkədə uranın zənginləşdirilməsi güclərinin inkişafı məqsədilə üç şirkətə ümumilikdə 2,7 milyard dollar vəsait ayırıb. Bu barədə nazirliyin yaydığı bəyanatda deyilir.
Sənəddə qeyd olunur ki, vəsaitlər növbəti 10 il ərzində ölkə daxilində uranın zənginləşdirilməsi güclərinin inkişafı üçün ayrılıb. ABŞ hakimiyyət orqanları hesab edirlər ki, bu addım enerji təhlükəsizliyini gücləndirməyə və xarici tədarükçülərdən asılılığı azaltmağa imkan verəcək.
ABŞ Energetika Nazirliyindən hər biri 900 milyon dollar həcmində sifarişləri American Centrifuge Operating və General Matter adlı Amerika şirkətləri, həmçinin Fransanın Orano konserninin ABŞ-də fəaliyyət göstərən törəmə qurumu olan Orano Federal Services alıb.
ABŞ-ninenergetika naziri Kris Rayt bildirib ki, Vaşinqton administrasiyası mövcud və perspektivli nüvə reaktorlarını təmin etməyə imkan verən etibarlı nüvə yanacağı tədarük zəncirlərini bərpa etməyə çalışır.
Rayt 2025-ci ilin sentyabrında Bloomberg agentliyinə müsahibəsində qeyd edib ki, ABŞ Rusiya istehsalı olan zənginləşdirilmiş urandan istifadənin dayandırılması istiqamətində irəliləyir, lakin Rusiya tədarükündən yüksək asılılıq səbəbindən ondan hələ tam imtina etməyə hazır deyil. Agentliyin məlumatına görə, Rusiya ABŞ-də elektrik enerjisinin təxminən beşdə birini istehsal edən 94 nüvə reaktoru üçün lazım olan zənginləşdirilmiş uranın təxminən dörddə birini tədarük edir. Bu tədarüklərin sürətlə dayandırılması, agentliyin qiymətləndirməsinə əsasən, ölkədə elektrik enerjisi istehsalının təxminən 5%-ni risk altına qoya bilər.
Raytın vurğuladığı kimi, Rusiya tədarükündən imtina etmək üçün ABŞ daxili uran hasilatı və zənginləşdirilməsi güclərini əhəmiyyətli dərəcədə artırmalıdır. Prezident Donald Tramp administrasiyası da tədarükdə mümkün fasilələrdən sığortalanmaq və ölkədə atom energetikasının inkişafını dəstəkləmək məqsədilə strateji uran ehtiyatını artırmağı planlaşdırır.







