ABŞ ilk dəfə 1 milyon barel “Payara Gold” nefti idxal edib.
Bunu ABŞ Gömrük Xidməti və “S&P Global Commodity Insights”ın məlumatları sübut edir.
Sənədlərdə Çinin CNOOC şirkəti yükün göndəricisi, ABŞ-ın “ExxonMobil” şirkəti isə yükün qəbuledicisi kimi göstərilib. “Maran Hermes” gəmisi yanvarın 10-da Luiziana ştatının Morqan Siti şəhərinə gəlmiş nəqliyyat vasitəsi kimi əks olunub.
“S&P Global Commodities at Sea” qeyd edir ki, “Maran Hermes” gəmisi dekabrın 28-də “FPSO Prosperity”dən ayrılıb və yanvarın 11-də LOOP terminalına qayıdıb.
Qeyd edək ki, Payara Qayanada 6,6 milyon akr ərazidə “Stabroek” blokunda hasil olunaraq satışa çıxarılan üçüncü çeşiddir. Hasilata ötən ilin noyabrın 14-dən başlanılıb.
“S&P Global”ın əldə etdiyi proqram nüsxəsinə görə, Qayananın fevral yükləmə proqramına altı “Payara Gold” yükü daxildir. Bu, “Unity Gold” neftinin beş yükü və “Liza” neftinin üç yükü ilə müqayisə oluna bilər. Proqrama əsasən, “ExxonMobil” altı “Payara” yükündən üçünü, Çinin CNOOC şirkəti ikisini, “Hess” isə birini yükləyəcək. “Unity Gold” yüklərinə gəlincə, “ExxonMobil” və CNOOC iki, “Hess” isə bir yük yükləyəcək. “Liza” üçün “Exxon” iki, Qayana hökuməti isə bir yük yükləyəcək.
“ExxonMobil”in saytında dərc edilən təhlillərə görə, “Payara” hazırda Qayanada hasil edilən ən ağır orta dərəcəli xam neftdir. “ExxonMobil”in rəhbərlik etdiyi konsorsiumdan alınan ilk marka olan “Liza” təxminən 0,58 % kükürd tərkibli 32 API sinfinə aid xam neftdir. 2023-cü ilin iyul ayında aparılan təhlilə əsasən, “Unity Gold” 0,41 % kükürd tərkibli 34,5 API sinfinə aid xam neftdir. “Payara” isə 0,58 % kükürd tərkiblidir və 28 API sinfinə aiddir.
Qeyd edək ki, “Payara”nın ABŞ-a idxalı Venesuela və Qayana arasında gərginliyin artması fonunda baş verir. Belə ki, ölkələr arasında mübahisəli ərazi ilə bağlı məsələ böyüyür. Venesuela hökumətinin ötən il dekabrın 3-də Venesuelanın ərazini ilhaq etmək hüququnu dəstəkləyən referendum keçirməsi ilə münaqişə daha da böyüyüb. Qayana Venesuelanın etibarsız hesab etdiyi, 1899-cu il Arbitraj Qərarında müəyyən edilmiş sərhədlərə riayət edir.