28 C
Baku
Thursday, July 25, 2024

ABŞ rəsmisi Bakı və İrəvan arasında son razılaşmalarla tanış olacaq

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Ermənistan-Azərbaycan sülh prosesinə dəstək məqsədilə regiona səfərə gəlib.

Birləşmiş Ştatların Azərbaycandakı səfirliyindən bildirib ki, mayın 25-dək regionda səfərdə olacaq L.Bono əsas maraqlı tərəflərlə görüşlər keçirəcək.

“Bu səfər L.Bonoya ABŞ və digər ölkələrin ev sahibliyi etdiyi son danışıqların nəticələrini inkişaf etdirməyə imkanı verəcək. Bizdə Azərbaycan və Ermənistanın sülh prosesində səmərəli iştirak etmək üçün son vaxtlar göstərdikləri səylər ümid yaradır və Dövlət Departamentinin nümayəndəsi bu prosesdə gələcək müsbət irəliləyişləri səbirsizliklə gözləyir”, – səfirlikdən bildirilib.

Səfirliyin nümayəndəsi qeyd edib ki, L.Bono Azərbaycan və Ermənistan arasında əldə olunan son razılaşmalarla tanış olacaq və bu, ona həll olunmamış məsələlərlə bağlı tərəflərin mövqelərini daha yaxşı başa düşməyə kömək edəcək:

“Biz davamlı və dayanıqlı sülhün təmin edilməsi istiqamətində Azərbaycan və Ermənistanın səylərini dəstəkləyirik. ABŞ Cənubi Qafqaz regionu üçün dinc, demokratik və firavan gələcəyin təşviqinə sadiqdir”.

Xatırladaq ki, bu gün Bakıda ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

Son xəbərlər
Digər xəbərlər