Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatına əsasən, ABŞ-ın Nyu-York, Kentukki, Arkansas ştatlarında və Toqonun Maritaym vilayətində qeydə alınmış yüksək patogen quş qripi, Rusiyanın Primorski diyarında qeydə alınmış Nyukasl, Serbiyanın Raşka və Rasina əyalətlərində qeydə alınmış blutanq xəstəliyi aradan qaldırılıb.
Belə ki, qeyd olunan ərazi vahidlərində Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, bu xəstəliklərin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və xəstəliklərə görə epizootik sağlamlıq statusu bərpa olunub.
Banker.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, bununla əlaqədar, respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması məqsədilə ABŞ-ın, Toqonun, Rusiyanın və Serbiyanın qeyd olunan inzibati ərazi vahidlərinə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb.