Ağ Ev Rusiyanın təhlükəsizlik sahəsindəki təkliflərinə yazılı cavab verib.
Bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, ABŞ-ın irəli sürülən təkliflərə cavablarını əks etdirən sənəd artıq Rusiya tərəfinə çatdırılıb.
Bununla yanaşı, NATO-nun baş katibi təcili mətbuat konfransı çağırıb. Tədbirin Bakı vaxtilə saat 22.00-da başlayacağı bildirilib.
Qeyd edək ki, ötən ilin sonunda Rusiya ABŞ və NATO ilə təhlükəsizlik təminatına dair sazişin layihələrini dərc edib. Moskva Qərb dövlətlərindən NATO-nun şərqə doğru genişlənməsindən, Ukraynanın alyansa qəbul edilməsindən və postsovet ölkələrində hərbi bazaların yaradılmasından imtina etmək üçün hüquqi təminat tələb edib. Təkliflərdə həmçinin NATO-nun hücum silahlarının Rusiya sərhədləri yaxınlığında yerləşdirilməməsi və Şərqi Avropadakı alyans qüvvələrinin 1997-ci ildəki mövqelərə qayıtması ilə bağlı bənd də var.