ABŞ Prezidenti Cozef Bayden administrasiyasının nümayəndələri Rusiya qüvvələrinin mövqelərini itirməkdə davam edəcəyi təqdirdə NATO ilə nüvə qarşıdurmasına getməzdən əvvəl Rusiyanın Ukraynada kimyəvi silahdan istifadə edə biləcəyinə hesab edirlər.
Bu barədə “Politico” nəşrinə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) yüksəkrütbəli məmurları da daxil olmaqla, bilgili olan altı nəfər məlumat verib.
Onların sözlərinə görə, ABŞ-da Ukraynada belə bir hücumun qaçılmaz olması barədə heç bir kəşfiyyat məlumatı yoxdur. Pentaqonun bir çox rəsmilərinin fikrincə, qış aylarında döyüşlər səngiyəcək və tərəflərdən heç biri əhəmiyyətli miqyasda ərazilər ala bilməyəcək.
Lakin döyüş meydanında itkilər davam edərsə və ya Rusiya ordusu tamamilə dağılsa, bu məsələ ilə bağlı bəzi yüksəkvəzifəli rəsmilər hesab edirlər ki, Moskva kimyəvi silahlara – o cümlədən müxalifət lideri Aleksey Navalnının da zəhərlənməsi ilə əlaqəli silaha müraciət edə bilər.
Məmurlardan biri bildirib ki, belə bir hücumda ört-basdır edilməsi asan olan maddələrdən istifadə oluna bilər ki, bu da günahı Moskvanın üzərinə atmağı çətinləşdirəcək. Məmur və ekspertlərin sözlərinə görə, bəzi kimyəvi maddələr kütləvi itkili hücumda istifadə edilə bilər – onlar aerozollaşdırıla və ya böyük insan qrupuna zərər vermək üçün sursatlarda istifadə edilə bilər.
ABŞ Milli Təhlükəsizlik Şurası bununla bağlı şərh verməkdən imtina edib.
ABŞ hesab edir ki, Rusiya kimyəvi silah potensialının artırılmasına yatırım edir. “Politico”ya müsahibə verən Konqres nümayəndəsinin köməkçisinin sözlərinə görə, senatorlar bu ilin payızında Rusiyanın kimyəvi silah ehtiyatı və bununla bağlı Ukrayna üçün təhlükə barədə bilgiləndiriliblər.