ABŞ-ın Azərbaycandakı səfirliyinin təsərrüfat şöbəsinin sabiq məsul əməkdaşı Rafiq Göyüşovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Dövlət ittihamçısı və zərərçəkmiş tərəf işin məhkəməyə verilməsini təklif etsə də, təqsirləndirilən şəxsin vəkili İlham Əsədov işin baxışa verilməməsini və yenidən araşdırılması üçün istintaq orqanına qaytarılmasını istəyib.
Vəkil deyib ki, işi düzgün aparmadığına görə müstəntiq barəsində qanunvericiliyə uyğun olaraq xüsusi qərar çıxarılaraq cəzalandırılmalıdır. O, səfirliyin Rafiq Göyüşovdan şikayətçi olmadığını da vurğulayıb: “ABŞ səfirliyi Rafiq Göyüşovdan şikayətçi olmayıb, lakin təqsirli olduğu halda qanun çərçivəsində cəzalandırılmasını istəyib”.
Məhkəmə cinayət işinin baxışa verilməsi ilə bağlı qərar qəbul edib.
Məhkəmə baxışı sentyabrın 17-nə təyin olunub.
Qeyd edək ki, təqsirləndirilən Rafiq Göyüşov xaricdən gələn səfirlər və digər əməkdaşların müvəqqəti yerləşdirilməsi üçün ayrılan vəsaitlərin dələduzluq yolu ilə ələ keçirilməsində ittiham edilir. O, ümumilikdə yarım milyon manatdan çox vəsaiti qanunsuz olaraq ələ keçirməkdə təqsirləndirilir.
Ona Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.