ABŞ səlahiyyətlilərinin narazılığı yeni səviyyəyə çatıb. Belə ki, maliyyə naziri olan Stephen Mnuchin-in sözlərinə görə, Libra elektron sikkəsi çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi sahəsində istifadə oluna bilər. Nazir əlavə olaraq qeyd edir ki, rəqəmsal pulların yayılması və istifadəsi, ABŞ-ın milli təhlükəsizliyi üçün mövcud təhdidlərdən biridir.
Bitkoin kimi kriptovalyutalar dəyəri milyardlarla dollar olan qeyri-qanuni fəaliyyətlərin təmin edilməsi üçün istifadə olunur. Söhbət kibercinayətkarlıq, vergidən yayınma, qəsb etmə, virus proqramların yaradılması, narkotik ticarəti və insan alveri kimi qlobal problemlərdən gedir. Bütün bunlar həqiqətən də milli təhlükəsizlik üçün təhdiddir.
Ötən həftə elektron pul məsələsi ABŞ prezidenti Donald Tramp tərəfindən qaldırılıb. Prezident kriptovalyutalara güvənmədiyini bildirərək, “Facebook” və digər şirkətlərə bank qanunvericiliyini xatırlatdı. Belə bir diskussiya təsadüf deyil: sabah layihə ABŞ Konqresinə təqdim ediləcək.
Xatırladaq ki, Libra kriptovalyutası “Facebook” un ekosistemində ödəniş vasitəsi kimi istifadə ediləcəyi planlaşdırılır. Tokenlərin dəyəri xüsusi maliyyə aktivləri səbəti ilə təmin ediləcək.
Böyük Britaniya yeni kriptovalyutaya qarşı olmadığını bildirib. Ölkənin maliyyə naziri Philip Hammond qeyd edir ki, hökumət Libra ilə əməkdaşlıq etməyi planlayır.
FED-in rəhbəri Libra-nı tənqid edib
FED-in rəhbəri Jerome Powell-in fikrincə, “Facebook” un bu layihəsi öz fəaliyyətini davam etdirə bilər, lakin öncə şirkət ABŞ hökumətini narahat edən bütün suallara cavab verməlidir.
Sədr hesab edir ki, öncə bu məsələ tənzimləyicilərlə müzakirə edilməlidir.
“Mən düşünürəm ki, onlar (Facebook) davam edə bilməzlər. Tənzimləyicilər şirkətin çirkli pulların yuyulması və bu kimi problemlərin hansı yollarla həll edəcəyini bilməlidir. Məlumatların qorunması, istehlakçıların gizliliyi və digər məsələləri nəzərə almaq lazımdır”, – deyə Powell bildirir.