Səudiyyə Ərəbistanı “Lockheed Martin” şirkətinin istehsalı olan “THAAD” raketdən müdafiə sistemlərinin alınması barədə ABŞ-la 15 milyard dollar dəyərində hərbi saziş imzalayıb.
Banker.az Azvision-a istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında bildirilib.
“26 noyabrda Səudiyyə Ərəbistanı və ABŞ-ın vəzifəli şəxsləri “təklif və təklifin qəbul edilməsi haqqında məktublar”ı imzalayıblar. Ölkəmizin, o cümlədən də İsrailin və regiondakı digər tərəfdaşlarımızın maraqlarının təmini məqsədilə ABŞ Səudiyyə Ərəbistanının etibarlı tərəfdaşı olaraq qalmaqda niyyətlidir”, – məlumatda vurğulanıb.
Həmçinin, qeyd olunub ki, 2017-ci ilin dekabrında Dövlət Departamenti Ər-Riyada 44 “THAAD” kompleksi, 360 ədəd hədəftutucu raketlər, 16 idarəetmə qurğusu və 7 ədəd radar sisteminin satılması barədə ümumilikdə 15 milyard dollarlıq sazişin imzalanmasına dair ABŞ Konqressini məlumatlandırmışdı.
Xatırladaq ki, hazırkı saziş Səudiyyə ilə ABŞ arasındakı 450 milyard dollarlıq hərbi anlaşmanın tərkib hissəsidir.