ABŞ Senatı prosedur səsverməsi zamanı 1,15 trilyon dollar həcmində milli müdafiə xərclərini nəzərdə tutan qanun layihəsini bloklayıb. Bu barədə Politico və The Hill məlumat yayıb. Sənədi 50 senator dəstəkləyib, 46 senator isə əleyhinə səs verib. Layihənin növbəti mərhələyə keçməsi üçün 60 səs tələb olunurdu.
Adətən Senatda bu cür müdafiə qanun layihələrinin müzakirəsi ciddi fikir ayrılığı yaratmır. Sonuncu dəfə tərəflərdən biri müdafiə büdcəsi üzrə prosedur səsverməni 2010-cu ildə bloklamışdı. Hazırda demokratlar Konqres ABŞ prezidenti Donald Trampın İrana qarşı hərbi əməliyyatları davam etdirmək səlahiyyətlərini ciddi şəkildə məhdudlaşdırmağa razılaşmayana qədər qanun layihəsini dəstəkləməkdən imtina edirlər. Senatda demokratların lideri Çak Şumer bildirib ki, bu sənəd yalnız müharibəni uzadır və korrupsiyanı ört-basdır edir. Respublikaçılar isə demokratların mövqeyini ABŞ-nin milli təhlükəsizliyi ətrafında aparılan siyasi oyun kimi qiymətləndiriblər.
Qanun layihəsində Pentaqon üçün 1,1 trilyon dollar, ölkənin nüvə arsenalının idarə olunması məqsədilə Energetika Nazirliyinə 41 milyard dollar, həmçinin müdafiə ilə bağlı digər fəaliyyətlər üçün 11 milyard dollar ayrılması nəzərdə tutulur. Sənəd hərbi qulluqçuların maaşlarının 3,6% artırılmasını, hərbçilərin ailələri üçün təhsil, mənzil, səhiyyə və uşaq baxımı sahələrinə investisiyaları da əhatə edir. Bundan əlavə, layihədə pilotsuz uçuş aparatları texnologiyalarının inkişafı və irimiqyaslı gəmiqayırma proqramlarının maliyyələşdirilməsi də nəzərdə tutulub.
Politico yazır ki, qanun layihəsi ətrafındakı mübahisə ABŞ hökumətinin növbəti dəfə fəaliyyətini qismən dayandırması (shutdown) riskini artırır. Tərəflər razılığa gələ bilməsələr, bu vəziyyət artıq oktyabr ayında baş verə bilər.






