ABŞ Senatı respublikaçılar tərəfindən irəli sürülmüş hökumətin maliyyələşdirilməsinin davam etdirilməsi haqqında qanun layihəsini səkkizinci dəfə rədd edib. Qanun layihəsi daha əvvəl Nümayəndələr Palatası tərəfindən qəbul edilmişdi. Layihənin əleyhinə 49 qanunverici, lehinə isə 45 nəfər səs verib. Altı senator səsvermədə iştirak etməyib.
Senatdakı çoxluq lideri respublikaçı Con Tun bildirib ki, “demokratlar hərbi və dövlət qulluqçularının ailələri ərzaq mağazalarında növbəyə düzülənə və ya maaş günündə kreditorlara müraciət edənə qədər sakitləşməyəcəklər”.
1 oktyabr tarixindən etibarən ABŞ hökuməti fəaliyyətini dayandırıb, çünki respublikaçılar və demokratlar büdcə planı barədə razılığa gələ bilməyiblər. Təxminən 1,4 milyon dövlət qulluqçusu ödənişsiz məzuniyyətə göndərilib, 4 mindən çoxu isə işdən azad edilib. Əsas sahələrdə çalışan işçilər (həkimlər, sərhədçilər) əməkhaqqı almadan işləməyə davam edirlər.