Amerika senatorları sentyabr ayından bəri beşinci dəfədir ki, federal qurumların fəaliyyətinin dayandırılmasına (şatdaun) son qoymaq üçün hökumətin qısamüddətli maliyyələşdirilməsini nəzərdə tutan qanun layihəsini qəbul edə bilməyiblər. Bu barədə “CBS News” məlumat yayıb.
Heç bir təklif tələb olunan 60 səs toplaya bilməyib, baxmayaraq ki, respublikaçılar Senatda çoxluğa malikdirlər.
Respublikaçıların təqdim etdiyi qanun layihəsi də səsvermədə uğur qazanmayıb: onu 52 senator, o cümlədən bir neçə demokrat dəstəkləyib, 42 nəfər isə əleyhinə səs verib. Respublikaçılardan yalnız Kentakki ştatından olan senator Rənd Pol bu təşəbbüsə qarşı çıxıb.
“CBS News” ehtimal edir ki, mövcud vəziyyət fonunda şatdaun ən azı bu həftənin sonuna qədər davam edəcək.
ABŞ-da şatdaun 1 oktyabr gecə yarısı (Bakı vaxtı ilə saat 8:00) başlayıb. Buna səbəb Konqresin respublikaçılar və demokratlar arasında səhiyyə sahəsinin maliyyələşdirilməsi ilə bağlı fikir ayrılığı səbəbindən büdcə layihəsini qəbul edə bilməməsidir.
Ağ Ev xəbərdarlıq edib ki, şatdaun həftəlik 15 milyard dollarlıq itkilərə və dövlət qulluqçularının kütləvi ixtisarına gətirib çıxara bilər.