Əvvəllər səhmlər və opsionlar əsasən şirkət rəhbərləri, startapların ilk əməkdaşları və proqram mühəndisləri üçün nəzərdə tutulurdusa, ABŞ şirkətləri bu imkanı daha çox sıravi əməkdaşlara da təqdim etməyə başlayıb.
Banker.az xəbər verir ki, bu barədə Bloomberg yazır.
Deel-in 480 şirkətin 8 min əməkdaşına verilmiş qrantlar üzrə təhlilinə görə, 2025-ci ilin ortalarından etibarən səhm qrantı alan satış əməkdaşlarının sayı 30%, marketinq əməkdaşlarının sayı isə 24% artıb. ABŞ-da səhm qrantı alan işçilərin sayı 2025-ci ildə təxminən 14 milyona çatıb. Almaniyada bu göstərici 2025-ci ilin ilk yarısından 2026-cı ilin ilk yarısına qədər 62%, Hindistanda 51%, ABŞ-da isə 29% artıb.
Deel-in iqtisadçısı Lauren Tomas bildirib ki, səhm əsaslı ödəniş getdikcə əməkdaşların gözləntilərinə daxil olur, lakin əməkhaqqı ilə eyni deyil. Şirkətin səhmləri bahalaşdıqda bu ödənişlər işçilərə maaşdan daha böyük sərvət yaratmaq imkanı verə bilər.
Bununla belə, səhmlərin əldə edilməsi bir neçə il çəkə, onları nağdlaşdırmaq çətin ola və şirkət müflis olduqda dəyərsizləşə bilər.
Texnologiya sektorunda Microsoft, Google, Facebook, Amazon və Intel satış, marketinq və insan resursları əməkdaşlarına səhm verməklə seçilir. Lakin bütün şirkətlər bu siyasəti genişləndirmir. “Autodesk” səhmlə ödənişlərin ümumi gəlirdəki payını azaldıb.







