“Bloomberg” mənbələrə istinadən yazır ki, ABŞ bu ilin aprel-iyun ayları arasında tədarük üçün strateji ehtiyatdan 26 milyon barel neft satmağı planlaşdırır. Məlumata görə, ABŞ-ın neft ehtiyatının həcmi 371.5 milyon bareldən 345 milyon barrelə qədər azalacaq.
Bu xəbərlər fonunda neftin qiyməti 1%-ə yaxın ucuzlaşıb. Brent markalı neftin aprel fyuçerslərinin qiyməti 0.69% ucuzlaşaraq 86.01 dollar/barelə bərabər olub. WTI markalı neftin mart fyuçersləri isə 1.09% ucuzlaşaraq 79.27 dollar təşkil edib.
2022-ci ilin martında ABŞ Prezidenti Co Bayden yanacağın qiymətlərini aşağı salmaq üçün strateji ehtiyatdan 180 milyon barel neft buraxıldığını açıqlamışdı. Nəticədə, strateji neft ehtiyatları 1984-cü ilin martından bəri ən aşağı səviyyəyə enib. Oktyabrda ABŞ strateji ehtiyatdan daha 15 milyon barel nefti satışa çıxarıb.