14 C
Baku
Tuesday, December 2, 2025

ABŞ sülh sazişindən sonra dondurulmuş Rusiya aktivlərinin geri qaytarılmasını dəstəkləyib

ABŞ Ukrayna və Rusiya arasında sülh sazişi bağlandıqdan sonra Avropa İttifaqı (Aİ) ölkələrində dondurulmuş Rusiya aktivlərinin Moskvaya qaytarılmasını dəstəkləyib.

Bu barədə “Politico” məlumat yayıb.

Nəşrin məlumatına görə, yay aylarında Aİ-nin sanksiyalar üzrə xüsusi nümayəndəsi Devid O’Sallivan Vaşinqtona səfər edərkən amerikalı rəsmilər açıq şəkildə bildiriblər ki, onların mövqeyi hər hansı sülh razılaşmasından sonra bu aktivlərin Rusiyaya qaytarılmasını nəzərdə tutur.

ABŞ-nin etirazlarına baxmayaraq, Avropa Komissiyasının prezidenti Ursula von der Leyen dondurulmuş aktivlərin Ukraynanın dəstəklənməsi üçün istifadəsi üzərində işi davam etdirib. O, 10 sentyabr tarixli çıxışı zamanı Aİ-nin bu vəsaitləri Ukraynanın maliyyələşdirilməsi üçün “təzminat krediti” mexanizmi vasitəsilə cəlb etmək niyyətində olduğunu açıqlayıb.

Diplomatlardan birinin sözlərinə görə, Brüssel bununla aktivlərə “avropasayağı” siyasi formula tətbiq etməyə çalışıb.

Bununla belə, ABŞ əvvəldən bu ideyanı dəstəkləməyib. Noyabr ayında ABŞ Prezidenti Donald Trampın 28 bəndlik sülh planının ilkin variantının sızması ilə məlum olub ki, o, ABŞ nəzarəti altında bu aktivlərdən 100 milyard dolların Ukraynanın bərpası və investisiyalarına yönəldilməsini, qalan hissəsinin isə ayrıca Amerika-Rusiya mexanizminə verilməsini təklif edib.

Bir neçə diplomatın sözlərinə görə, məhz bu bənd ABŞ və Aİ arasında gərginliyə səbəb olub. Aİ rəsmiləri, aktivlərin bir hissəsi formal olaraq Ukraynaya yardım kimi göstərilsə belə, ABŞ-nin faktiki olaraq bu vəsaitləri Rusiya ilə öz aralarında bölüşdürə biləcəyi ehtimalına qəzəbləniblər.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər