ABŞ süni intellektin öyrənilməsi üçün prosessorların digər ölkələrə ötürülməsini və satışını tənzimləyən yeni ixrac nəzarəti qaydaları tətbiq edib, bu barədə “The Walt Street Journal” yazıb.
Sərəncama əsasən, ixrac üçün ölkələr üç qrupa bölünəcək. Birinciyə ABŞ-nin “müttəfiqləri” daxil olacaq – onlar üçün heç bir məhdudiyyət olmayacaq, “CNN” yazır. Onlara G7-yə daxil olan ölkələr, eləcə də Cənubi Koreya, Tayvan və s. aiddir.
İkinci qrupa dünyanın əksər ölkələri daxil olacaq – onlar süni intellekt prosessorlarının alınması və ixracı üçün lisenziya almalı olacaqlar. Üçüncü qrupa “narahatlıq doğuran” ölkələr daxildir: onlara heç nə satıla və ya ixrac edilə bilməz. Məsələn, İran, Çin və Rusiya.
Dünyanın ən böyük çip istehsalçısı olan “Nvidia” yeni məhdudiyyətlərə qarşı çıxıb və qeyd edib ki, belə bir tənzimləmə bütün dünyada süni intellektin inkişafını məhdudlaşdıracaq və “heç bir təhlükəni aradan qaldırmayacaq”.
Yarımkeçiricilər Sənayesi Assosiasiyasına daxil olan “AMD”, “Intel”, “TSMC” və başqaları da bu qərarı dəstəkləməyib.