Çin, ticarət məsləhətləşmələri zamanı Vaşinqtonun “dəyişən mövqeyi” nə baxmayaraq, ABŞ ilə ticarət danışıqlarını davam etməyə hazır olduğunu bildirib. Bu barədə Fox News qəzetinə Çinin ABŞ-dakı səfiri Cui Tiankai xəbər verib.
Banker.az xəbər verir ki, “Çin razılığa gəlmək üçün amerikan həmkarlarımız ilə danışıqları davam etdirməyə hazırdır. Bütün qapılar hələ də açıqdır”, – deyə o bildirib.
Reuters agentliyi qeyd edir ki, ABŞ-ın ticarət tariflərini 10%-dan 25%-ə qədər artırmasından sonra, Vaşinqton ilə Pekin arasında ticarət danışıqlarına dair heç bir görüş planlaşdırılmamışdı.
“Aydındır ki, danışıqlar zamanı ABŞ-ın mövqeyi təkrar-təkrar dəyişib. Bu, tərəflərin ümumi razılığa gəlməsinə mane olub. Çin öz mövqeyinə hələ də sadiqdir, amma ABŞ tez-tez öz mövqeyini dəyişir “, – deyə Çin səfiri əlavə edib.
19 may tarixində ÇXR-in xarici işlər naziri Wang Yi qeyd edib ki, ABŞ ticarət danışıqlarının aparılmasında bərabərlik prinsipinə riayət etməlidir. Onun sözlərinə görə, Vaşinqton bu sahədə “çox da dərinə getməməlidir”.