Birləşmiş Ştatlar Kaxovka Su Elektrik Stansiyasının partlayışının fəsadlarının aradan qaldırılmasında Kiyevə kömək etməyə hazırdır və əlavə yardım paketləri hazırlayır.
Bunu ABŞ-ın Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
Kirbinin sözlərinə görə, söhbət xüsusilə beynəlxalq təşkilatlar vasitəsilə yardımdan gedir. Eyni zamanda, yeni yardım paketləri təhlükəsizlik sektoruna aid olacaq.
“Yaxın günlərdə və həftələrdə əlavə təhlükəsizlik yardım paketləri görəcəyinizə zəmanət verirəm. Prezident Baydenin dediyi kimi, Ukraynanın döyüş meydanında uğur qazanması üçün mümkün olan hər şeyi etməyə davam edəcəyik”, – Kirbi deyib.
Eyni zamanda, Ağ Ev Kaxovka Su Elektrik Stansiyasındakı terror aktına görə Rusiyanın məsuliyyət daşıdığını deməkdən imtina edib. Kirbi vurğulayıb ki, Vaşinqton “bu hesabatları qiymətləndirmək üçün əlindən gələni edir və biz daha çox məlumat əldə etmək üçün ukraynalılarla işləyirik”.
“Həmin anda nə baş verdiyini birmənalı şəkildə deyə bilmərik… Mütləq əminliklə deyə bilərik ki, Ukrayna xalqına və regiona dəyən ziyan ciddi olacaq”, – Ağ Evin sözçüsü bildirib.
Bununla belə, “NBC News” öz mənbələrinə istinadən yazıb ki, Amerika Birləşmiş Ştatları hökumətində SES-ə hücumunun təqsirkarı kimi Rusiyaya işarə edən kəşfiyyat məlumatları var.